31.10.2015

 10/31/2015 01:01:00 ÖS      Şərh yoxdur
Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması. Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin "Dağlıq Qarabağ Muxtar Vilayətinin" yaradılması haqqıda 7 iyul 1923-cü il tarixli Dekreti

Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.

Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın - ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi.
Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovnistlərin - müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç "müstəqil dövlətə" parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu "dövlətlərin" mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.
Hansı formada təzahür etməsindən asıla olmayaraq milli zülmün və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi, vahid dövlət ittifaqında xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir.

Bu vəzifənin yerinə yetirilməsi naminə Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi qərara alır:

1. Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla, ASSR-in tərkib hissəsi olaraq Muxtar Vilayət yaradılsın.
2. Muxtar Vilayətin idarə orqanları bunlardır: Vilayət İcraiyyə Komitəsi və yerli sovetlər.
3. Vilayət icraiyyə komitəsi yaradılana qədər müvəqqəti inqilab komitəsi yaradılsın, ona 2 aydan gec olmayaraq daimi icraiyyə orqanının seçilməsi üçün sovetlər qurultayını çağırmaq vəzifəsi həvalə edilsin.
Qeyd: Bütün otlaqlar, meşələr, bağlar, torpağa və suya faktik sahiblik indiki sahiblərinin ixtiyarında saxlanılır.
4. Vilayət icraiyyə komitəsi bütün zəruri maliyyə və texniki vəsaitlərlə bilavasitə AzMİK-nin sərəncamı ilə Az SSR-in ümumi vəsaitlərindən təchiz olunur.
5. Vilayətin əsasnaməsini işləyib hazırlanması və inzibati vahidlərin faktik olaraq Qarabağ Muxtar Vilayətinə verilməsi, və habelə Muxtar Vilayətin sərhədlərinin müəyyənləşdirilməsi üçün Dağlıq Qarabağ, düzən Qarabağ, Kürdüstan və ASSR mərkəzi hakimiyyətinin nümayəndələrindən ibarət qarışıq komissiya yaradılsın, ona (komissiyaya) öz işini bu il avqustun 15-dək başa çatdırmaq vəzifəsi həvalə edilsin.
AzMİK Rəyasət Heyəti sədrinin əvəzinə: M.B.Qasımov AzMİK katibi M.Xanbudaqov

SSRİ Fəhlə-Kəndli Hökumətinin 1923-cü il üzrə qanunlar və sərəncamlar külliyyatı. Bakı şəhəri, 1925-ci il, səh. 384-385.


DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNİN YARANMASI
Sovet hökumətinin Qarabağın ərazisini bölüşdürməsi və Dağlıq Qarabağa muxtariyyət verilməsi: 1920-1923-cü illər Rusiyada Sovet hakimiyyəti möhkəmləndikcə çar Rusiyası sərhədlərinin bərpa edilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənən XI Qırmızı Ordu hissələrinə respublikanın işğalı planını reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar verildi. Azərbaycan Parlamenti daxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-daşnak separatçılarının qaldırdıqları mart qiyamı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti XI Qırmızı Ordunun süngüləri ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı.
Dağlıq Qarabağ: coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı. Bu problemin şərhi üçün əvvəlcə Dağlıq Qarabağın coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı üzərində dayanaq.
Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır. Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M.Skibitski "Qafqaz böhranı" adlı məqaləsində yazır: "Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yaylası həmin yerə aid idi".1 Aydın olduğu kimi çar Rusiyası tərkibində olduğu zaman Qarabağın ərazisi, daha doğrusu keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz qaldığından, "Qarabağ" anlayışı əvvəlki inzibati-siyasi mənasını  itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) "Qarabağ" anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. S.Şadunsun yuxarıda göstərilən fikrindən aydın olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana gətirildi.
2
Bu zamandan "Dağlıq Qarabağ" anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bu anlayış inzibati-siyasi məna kəsb etməyə başlayır, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevrilir. Elə bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi "... Qarabağ yaylası 1923-cü ildə muxtariyyət almış və Muxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağlıq Qarabağ adlanmışdır".3
Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV): yaradılması tarixi, əsas hadisələrinin sinxronlaşdırılması və buradan irəli gələn nəticələr. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının prinsipial məsələlərini müəyyən etmək, daha doğrusu bu prosesi tam aydınlığı ilə təsəvvür etmək üçün əsas hadisələrə mənsubiyyəti üzrə sinxron şəkildə diqqət yetirək.
"RK (b) P MK Qafqaz Bürosu plenumunun iclas protokolundan 5 iyul 1921-ci il
İştirak edirlər:RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orconikidze, Kirov, Oraxelişvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xariji İşlər Komissarı Hüseynov.
Dinlənildi:Qərar verildi:
1. yol. Orconikidze və Nazaretyan əvvəlki Plenumun Qarabağ haqqında qərarına yenidən baxılması məsələsini qaldırdılar1) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və yuxarı və aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini nəzərə alaraq Dağlıq Qarabağ ASSR tərkibində saxlanılsın, ona muxtar vilayətin tərkibində saxlanılan, inzibati mərkəzi Şuşa ş. olmaqla geniş vilayət muxtariyyəti verilsin. Səs verirlər - 4 lehinə, 3 bitərəf. 2) Azərbaycan MK-ya tapşırılsın ki, sonradan RKP MK Qafbürosunun təsdiqinə verməklə muxtar vilayətin sərhədlərini müəyyən etsin. 3) RKP MK Qafbürosunun Rəyasət Heyətinə Dağlıq Qarabağın Fövqəladə Komitəsinə namizəd haqqında Azərbaycan və Ermənistan MK ilə danışıq aparması tapşırılsın. 4) Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın muxtariyyət həcmi müəyyən edilsin və təsdiq üçün MK Qafbürosuna təqdim edilsin.
 RKP MK Qafbürosunun Katibi: Fiqatner

Qaynaq: Sov.İKP MK yanında MLİ PAAF. (indi ARDSRİHA), f. 64, siyahı 2, iş 1, v. 118; 122-122ob; К истории образования Нагорно-Карабахский автономной области Азербайджанской ССР, с. 90-91; 92

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarlar Soveti yaradıldıqda yerlərə fövqəladə komissarlar da təyin olundu. Bu əsasla A.N.Karakozov (1890-1938) Dağlıq Qarabağ üzrə fövqəladə komissar təyin olundu.4 Azərbaycan Sovet hökuməti 1920-ci il 30 apreldə Ermənistan Respublikasına nota verdi və tələb etdi ki, Zəngəzurdan və Qarabağdan öz qoşunlarını çıxarsın.

 May ayında Qarabağda Sovet hakimiyyətinın qurulması elan olundu.
Bu dövrdə Sovet Rusiyası Qafqazın sovetləşdirilməsi planını həyata keçirməkdə davam edir, yeni sovet dövlətlərinin sərhədlərinin müəyyənləşdirilməsi prinsiplərini irəli sürməklə mövcud və gələcək dövlətlərin fəaliyyətini nəzarət altına almağa cəhd göstərirdi. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu Qafqaz Cəbhəsi Hərbi-inqilabi şurasına 7 iyul tarixli təlimatında bu məsələyə toxunmuşdu.
 Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə (1920, 29 noyabr) xarici sərhədlərlə yanaşı, sərhədlər daxilində də bölgülərin aparılması kəskinləşdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr teleqramı və 1 dekabr Bəyannaməsində də Qarabağ və onun dağlıq hissəsindən bəhs olunurdu. Bu sənədlərin erməni tarixşünaslığında təhrif edilməsi əsas şəkildə sübut edilmişdir. 
Bəyannamədə Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam öz müqəddəratını təyinetmə hüququ verildiyi elan edilirdi.
Ermənistan İnqilab Komitəsi isə 28 dekabr Bəyannaməsində Naxçıvana iddiadan əl çəkdiyini bildirirdi. Lakin Ermənistan Qarabağı "əldən vermək" istəmirdi. 
 Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində Dağlıq Qarabağ yenidən gündəmə gəldi. Qafqaz Bürosu 3 iyun 1921-ci ildə Dağlıq Qarabağın Ermənistana  məxsus olmasının Ermənistan hökumət Bəyannaməsində göstərilməsi barədə qərar qəbul etdi. Ermənistan Xalq Komissarları Soveti isə 12 iyunda bunu dekretləşdirdi. 

İşlərin belə gedişi Azərbaycanı təmin edə bilməzdi. Tiflisdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Q.Kaminskinin (1895-1938) sədrliyilə keçirilən 27 iyun iclasında komissiyanın işi ilə əlaqədar Azərbaycanın Ermənistanla sərhədi haqqında məsələ müzakirə edildi. Bu iclasda 5 maddədən ibarət qərar qəbul olundu. İlk dəfə burada Dağlıq Qarabağa bəyan edilən öz müqəddəratını təyin etməyə Azərbaycanın baxışı ifadə olundu: " 3. Məsələnin (Dağlıq Qarabağ haqqında) yeganə həlli erməni və müsəlman kütləsinin Sovet quruculuğu işinə geniş cəlb edilməsi (yol. Nərimanovun Bəyannaməsindən aydın olduğu kimi) ola bilər". Problemin həlli haqqında Siyasi Büro və Təşkilat Bürosunun fikrinin Tiflisə çatdırılması Nərimanova həvalə edildi. Nərimanovun Tiflisdə olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri M.H.Hacıyev və xarici işlər naziri M.D.Hüseynovla elə həmin gün birbaşa xətlə danışığı oldu. Nərimanov: "Deyin ki, bu Siyasi və Təşkilat Bürosunun fikridir. Əgər onlar mənim bəyannaməmə istinad edirlərsə, bəyannamədə hərfən belə deyilmişdir: Dağlıq Qarabağa tam azad öz müqəddəratını təyin etmə hüququ verilir".
Hüseynov: "Yaxşı. Hər şeyi çatdıraram. Hər halda deyim ki, bizim qərarımız, şübhəsiz, çox soyuq qarşılanacaqdır". Yenə həmin gün Hüseynov bu barədə Qafqaz Bürosuna məlumat verdi. Bu məsələ üzrə Qafqaz Bürosunun fövqəladə plenumunu çağırmaq, Nərimanov və Myasnikyanı Tiflisə dəvət etmək qərara alındı.
Azərbaycanın ayrılmaz hissəsinə necə "muxtariyyət" verildi: Qafqaz Bürosu plenumunun 1921-ci il 4 və 5 iyul tarixli qərarları. Belə bir zəmində Tiflisdə Qafqaz Bürosu plenumunun iclası keçirildi. Xüsusi əhəmiyyətini nəzərə alaraq Qafqaz Bürosunun 4 iyul axşam və 5 iyul iclas protokolundan çıxarışları olduğu kimi veririk: 
Ermənilər Qafqaz Bürosunun 5 iyul tarixli qərarının qəbul edilməsində Stalinin əsas rol oynadığını sübut etməyə çalışır. Əslində, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 4 və 5 iyul iclaslarında Stalinin təzyiqinin nədən ibarət olması faktlarla təsdiq olunmur. Bir sözlə, SSRİ-nin yaradılması (1922, 30 dekabr) ərəfəsindəki mübarizədə özünün "muxtariyyətləşdirmə" planı ilə çıxış edən Stalinin guya sosialist dövlətinin federativ quruluşunun Lenin ideyasını həyata keçirməsi ağlabatan görünmür. Ona görə də məsələ daha dərin və ətraflı şəkildə nəzərdən keçirilməlidir:
1) Mərkəz Qafqaz Bürosunun timsalında hələ SSRİ-nin yaradılmasından, Azərbaycan və Ermənistan SSR-nin ittifaq dövlətində birləşdirilməsindən əvvəl praktik olaraq sərhəd məsələsinə müdaxilə etməklə səlahiyyətli tərəf kimi çıxış etdi. Dağlıq Qarabağ məsələsi üçtərəfli müzakirə məsələsinə çevrildi;
2) Qafqaz Bürosu bu "hüququndan" istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ barəsində elan etdiyi öz müqəddəratını təyinetmə müddəasının təbii-tarixi şəkildə yerinə yetirilməsinə imkan vermədi, onu "geniş vilayət muxtariyyəti" kimi ifadə etdi;
3) Qafqaz Bürosu 4 iyul qərarı ilə Azərbaycana (yəni, Dağlıq Qarabağ Ermənistana verilə bilər!), səhəri gün isə bu məsələyə qayıtmaqla Ermənistana təsir göstərmək (yəni, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təsdiq edilə bilər!) və Mərkəz üçün əlverişli mövqeni təmin etmək istəyirdi, buna da (yəni Dağlıq Qarabağa muxtariyyət verilməsinə) nail oldu. Beləliklə, Qafqaz Bürosu plenumunun 5 iyul qərarından sonra Dağlıq Qarabağ 
ətrafında hadisələr yeni istiqamət aldı: Qafqaz Bürosu Mərkəz üçün əlverişli qərarı təmin edib, onun reallaşdırılması uğrunda təzyiqlərə başladı. Bununla Azərbaycan SSR özünün ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa məcburi şəkildə muxtariyyət verilməsi nəticəsində yeni şəraitlə qarşılaşdı. Ermənistan isə Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq Qafqaz Bürosu ilə Azərbaycan arasında münasibətləri kəskinləşdirməyə, Dağlıq Qarabağa muxtariyyət verilməsilə onun işlərinə qarışmaq imkanlarından istifadə edərək, Dağlıq Qarabağa olan iddialarını həyata keçirməyə çalışdı.
Bu məsələlər kompleks şəkildə nəzərdən keçirilməlidir.
S.M. Kirovun mövqeyində dəyişiklik. 5 iyul qərarı qəbul edildikdən sonra Azərbaycan rəhbərliyi tərəfindən onun həyata keçirilməsinə başlanmalı idi. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin həmin ilin 19 iyul tarixli iclasında Nərimanovun Tiflis səfərinin yekunları bəyənilmiş, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul tarixli iclasında isə muxtar vilayətin konstitusiyasının hazırlanması üçün komissiya yaradılmışdı.

Burada bir məsələnin aydınlaşdırılmasına ehtiyac yaranır. Artıq məlum olduğu kimi, 5 iyul qərarı ilə Dağlıq Qarabağa muxtariyyət verilməsində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həlledici rol ayrılmışdı. Görünür, 1921-ci ilin iyulunda Kirovun Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi rəhbərliyinə gətirilməsində elə bu amil də mühüm rol oynamışdı. Məhz Kirov faktiki olaraq Azərbaycanda rəhbərliyə keçdikdən sonra Dağlıq Qarabağın muxtariyyət verilməsinə rəsmi münasibət dəyişdi və bu proses iki ilədək ləngidi. Ona görə də bu məsələ ətrafında Kirovun mövqeyi və ona təsir edən amillər xüsusi olaraq araşdırılmalıdır. Əgər 4 iyul iclasının protokolundan çıxarışa nəzər salsaq görərik ki, o zaman Kirov Qarabağın dağlıq hissəsinin Azərbaycanın 
hüdudlarında saxlanmasının əleyhinə çıxmış (5,a), onun Ermənistanın tərkibinə daxil edilməsinin isə lehinə (5,b) səs vermişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 19 iyul, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul iclaslarında və qeyd olunan qərarların qəbulunda Kirov da iştirak etmişdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 26 sentyabrda bilavasitə Kirovun sədrliyilə keçirilən iclasında onun mövqeyinin əksinə dəyişdiyini görürük. İclasda iştirak edən 9 nəfərdən (Kirov, Nərimanov, Axundov, Qarayev, Əfəndiyev, Stukalov, Mirzoyan, Bünyadzadə, Hüseynov) 7-si Qafqaz Bürosundan Dağlıq Qarabağın ayrılması haqqında qərarın yenidən nəzərdən keçirilməsini xahiş etməyi qərara alır, yalnız 2 nəfər - Nərimanov və Bünyadzadə Qafqaz Bürosunun qərarının qısa müddətdə yerinə yetirilməsinə tərəfdar çıxır. Bu məsələ üzrə materiallar toplamaq üçün komissiya yaradılır.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Təşkilat Bürosu üzvlərinin iştirakı ilə Qarabağın məsul işçilərinin 21 oktyabr konfransına rəhbərlik edən Bünyadzadə də Kirovun mövqeyinə keçir. Belə ki, həmin iclasda Dağlıq Qarabağın muxtar vilayət kimi ayrılması xüsusi qeyddə məqsədəuyğun hesab olunmurdu.
Beləliklə, məhz Kirovun rəhbərliyilə Dağlıq Qarabağın muxtariyyəti məsələsinə yeni münasibətin yarandığı ortaya çıxır. Bu təsadüfi deyildi. Kirov nəinki öz şəxsi mövqeyinin, hətta Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsdiq etmək əvəzinə ona məcburi muxtariyyət verilməsi haqqındakı qərarının və onun qısa müddətdə həyata keçirilməsi zərurətinin yanlış olduğunu yəqin etmişdi.
Dağlıq Qarabağa muxtariyyət verilməsi dekretləşdiriləndən 4 ay keçdikdən sonra belə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 8 oktyabr 1923-cü ildə Kirovun sədrliyilə keçirilən iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqında qərarın əhali, xüsusilə türklər (azərbaycanlılar) arasında təbliğ olunmasının başa çatdırılmadığı etiraf olunurdu.

Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycana necə qəbul etdirildi? Hadisələrin belə gedişi Qafqaz Bürosunun narahatlığına səbəb oldu və 5 iyul qərarının Azərbaycana qəbul etdirilməsi üçün təzyiqlərə başlandı. Bu iki yolla həyata keçirilirdi. Bir tərəfdən Azərbaycan rəhbərliyi qarşısında tələb qoyulur, digər tərəfdən Dağılq Qarabağın idarəçiliyi bura xüsusi olaraq göndərilən erməni kadrları ilə möhkəmləndirilərək həmin bölgədə Azərbaycanın təsirinin zəiflədilməsinə cəhd edilirdi.
Dağılq Qarabağın muxtariyyətləşdirilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı. Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdrılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının  həyata keçirilməsi təklif edildi, Karakazovun İcraiyyə Komitəsinin sədri təyin edilməsi, Şadunsun məsul işə göndərilməsi üçün Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə ezam edilməsi qərara alındı.

 Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin qərarını icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan, Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr-1923, 24 iyul) təşkil edildi. Bütün bunlara baxmayaraq Azərbaycana təzyiq yenə davam etdirildi.
 Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi.

SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi.
 İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi.
 Bu qərar Zaqafqaziya Ölkə Komitəsini təmin etdi. Zaqafqaziya Ölkə Komitəsinin plenumu iyunun 27-də Şaduns və Karakozovun məruzəsi əsasında Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusu verilməsinin təmin olunmasını Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həvalə etdi.
 İyulun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin iclası Kirovun sədrliyilə Qarabağ haqqında məsələni dinləyərək 6 bənddən (a-e) ibarət qərar qəbul etdi. (Rəyasət Heyətinin adından) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə Dağlıq Qarabağa muxtariyyət vermək, mərkəz Xankəndi olmaqla "Muxtar Qarabağ vilayəti" yaratmaq təklif olundu. Sərhədlərlə bağlı məsələləri müəyyən etmək üçün komissiya (Qarayev - sədr, üzvlər: Karakozov, Sviridov, İldırım və Bünyadzadə) yaradıldı və s.

1923-cü il iyulun 4-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi də eyni məzmunlu qərar qəbul etdi.
Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi iyulun 7-də M.B.Qasımov (1879-1949) və Ə. M.Xanbudaqovun (1893-1937) imzası ilə "Dağılq Qarabağ muxtar vilayəti yaradılması haqqında" dekret verildi.

 Dekret preambula, dörd bənd və müştərək komissiya yaradılması haqqında yekundan ibarətdir. Göründüyü kimi, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qərarı ilə dekretin adı arasında fərq vardır, çünki Qarabağın aran və dağlıq hissəsini muxtar vilayət kimi bir yerdə ayırmaq əvəzinə, yalnız Dağlıq Qarabağı ayırmaq qərara alınmışdı. Dekretin "Muxtar Qarabağ" vilayəti deyil Muxtar Dağlıq Qarabağ Vilayəti adlandırılması diqqəti cəlb edir. Lakin sonralar o, Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılır (işdə dolaşıqlıq yaratmamaq üçün biz də bu ənənəni davam etdirmək məcburiyyətindəyik, amma onu ilk rəsmi sənədlərdə qeydə alınmış mənada qəbul edirik). Dekret ciddi hüquqi sənəddən daha çox, primitiv məzmunu ilə fərqlənir. Preambulada tarixi xronologiya pozulur, faktlar təhrif olunur, Dağlıq Qarabağa muxtariyyət verilməsi zərurəti kifayət qədər əsaslandırılmır. Dekretin birinci bəndində ("1) Образовать из армянской части (?) Нагорного Карабаха автономную область, как составную часть (?) АССР, с центром в местечке Ханкенды") ) hüquqi-siyasi təhrifə yol verilir. Azərbaycan torpaqlarından Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması və onun Azərbaycanın ayrılmaz  tərkib hissəsi olmasının təsdiqi əvəzinə, müxtəlif cür təfsir olunan ifadələr işlədilirdi. Üçüncü bənddə isə Sovetlər qurultayı çağırılanadək Müvəqqəti İnqilab Komitəsi yaradılır. Bu da, heç şübhəsiz, vilayətin erməni rəhbərliyinə daha geniş hüquqlar verirdi və s. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 16 iyul (dekretdən 10 gün sonra!) tarixli iclasının qərarı ilə Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil edildi.

 Dağlıq Qarabağ Muxtar Vilayəti üçün quberniya icraiyyə komitələri haqqında 1923-cü il Əsasnaməsi qəbul və tətbiq edildi.
 Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu. 
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Özü də bu addım həmin hissədə - Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq və müvafiq rəy sorğusu keçirilmədən atılmışdı.
Ermənistanın Dağlıq Qarabağ "formulası"
Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsində Ermənistanın mövqeyi də maraq doğurur. Ermənistan ilk dövrdə məsələnin bu şəkildə həlli ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş və Dağlıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı.
 Lakin sonra Qafqaz Bürosunun ona hədiyyə etdiyi Dağlıq Qarabağa muxtariyyət verilməsini məqsədinə uyğunlaşdırmağa başlamış, Dağlıq Qarabağ uğrunda mübarizə belə bir formula almışdı: Dağlıq Qarabağa muxtariyyət verilməsindən onun Azərbaycanın idarəsi altından çıxarılmasına - Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə doğru! Bu formulanın əsasınında Dağlıq Qarabağda və onun ətrafında erməni şovinizminin gücləndirilməsi dururdu. İş o yerə çatmşıdı ki, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi XII qurultayında (1923, 17-25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən (aprelin 23-də) bəhs etmişdi. İ.Stalin isə ona qarşı çıxmışdı.28 Adətən Qafqaz Bürosunun 5 iyul qərarından bəhs etdikdə Stalinlə barışa bilməyən erməni müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir. Bu həmin partiya qurultayıdır ki, orada Leninin "Qurultaya məktub"u oxunmuş və orada Stalinin obyektiv xarakteristikası verilmişdi.

 XII qurultayda seçilmiş Mərkəzi Komitə üzvlərinin repressiyası da məlum faktdır. Ona görə də K.Radekin çıxışı ilə əlaqədar məsələlər də yenidən tədqiq olunmalıdır.
Stalinin timsalında güclü müdafiəyə malik olan ermənilər çox çəkmədən əsl niyyətlərini açıqladılar. Şaduns 13 iyunda Zaqafqaziya Ölkə Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağlıq Qarabağ) bilavasitə Zaqafqaziya Ölkə Komitəsilə bağlı olmalıdır;
"Zaqfederasiyanın rəhbərləri problemin belə alternativ, daha ağıllı həllinə getmədilər" 
. Bununla o, Ermənistanın Dağlıq Qarabağla bağlı sonrakı fəaliyyətinin əsas formulası haqqında yuxarıda söylənənləri çox aydın təsdiq edir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi və onun ətrafında yaranan məsələlərə münasibət Kirovun AK(b) P-nın VI qurultayında (1924, 5 may) yekunlaşdırılır. Onun Dağlıq Qarabağa muxtariyyət verilməsinə olan şübhə və inamsızlığı, hər cümlədə hiss olunur. O, həmin qurultayda demişdir: bu məsələni biz, nəhayət (!) həll etdik və şübhəsiz (!) tamamilə düzgün iş gördük. Bu məsələni, əsasən, yenidən həll etməyə qayıtmayacağımıza heç bir şübhə (?!) yoxdur.
 Əslində isə, yuxarıda göstərildiyi kimi, Kirovun bu məsələnin düzgün həll olunduğuna şübhəsi vardı və bu tamamilə əsaslı şübhə idi.

Mənbə:AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu


0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.