Hər elmin olduğu kimi Riyaziyyat elminin də özünə məxsus terminləri vardır.
Riyaziyyatçılar üçün bu terminlər nə qədər sadə, anlaşıqlı,adi olsa da, bu terminləri işlətdiyimizdə çox zaman biz riyaziyyatçılar başa düşülən insanlar olmuruq.
Bir sözlə bunun üçün Riyaziyyata qəliz və çətin elm sahəsi kimi baxılır.
Bütün bunları nəzərə alaraq Riyazi terminləri bir başlıq altında toplamağa çalışdım.
ABSİS - latın dilindən tərcümədə “kəsilmiş,ayrılmış” mənalarını verir.Koordinat sistemini təşkil edən vertikal düz xəttdir.
ADİ KƏSR - ərəb sözüdür.Vahidin bir neçə hissəyə bölünməsinə deyilir.
ADLI ƏDƏD - adlı ədədlər iki cürdür:sadə adlı ədədlər və mürəkkəb adlı ədədlər.
AKSİOM - müəyyən elmi nəzəriyyə çərçivəsində isbat edilməyən,lakin əsas qəbul edilən təklifdir.Aksiom yunanca “dəyərli” deməkdir.
ALQORİTM - verilmiş məsələnin həlli üçün müəyyən ardıcıllıqla yerinə yetiriləcək əməllər sırasının dəqiq yazılışıdır.Bu termin IX əsrdə yaşamış özbək riyaziyyatçısı Əl-Xarəzminin adından irəli gəlir.
ALİ RİYAZİYYAT - ali təhsil müəssisələrində öyrədilən analitik həndəsə,diferensial hesabı,inteqral hesabı,xətti cəbr və digər riyaziyyat bölmələrini toplusudur.
ANALİTİK İFADƏ - sabit və ya dəyişən kəmiyyətləri göstərən hərflər və ədədlər üzərində müəyyən ardıcıllıqla aparılan məlum riyazi əməllər küllisini göstərən simvolik ifadəyə deyilir.
ANTİLOQARİFM - verilən loqarifminə görə ədədin özünü tapmaq üçün aparılan əməliyyatdır.
APOFEM - düzgün piramidanın apofemi yan üzünün piramidanın təpəsindən keçən hündürlüyüdür.Bundan başqa düzgün çoxbucaqlının və kəsik piramidanın da apofemləri vardır.Apofem yunan sözü olub mənası “ayırıram” deməkdir.
AR - 100 kvadrat metrə bərabər olan sahə ölçüsüdür.
ARANJEMAN - kombinatorikada nizamlı sonlu çoxluğa deyilir.
ARQUMENT - iki dəyişən arasında funksional asılılıq olarsa,onda ixtiyari qiymətlər ala bilən dəyişənə deyilir.Bu termini 1844-cü ildə riyaziyyata O.L.Koşi daxil etmişdir.
ARDICILLIQ - natural ədədlər çoxluğunda təyin olunmuş bir funksiyanın natural ədədlərin düzülüşünə uyğun düzülmüş xüsusi qiymətləri çoxluğudur.
ARİFMOMETR - 1641-ci ildə B.Paskal tərəfindən düzəldilmiş sadə hesablama maşınıdır.
ARKKOSEKANS - kosekans funksiyasına nəzərən tərs funksiyadır.Ark sözönü latın sözü olub “qövs,qövsün qiyməti” deməkdir.
ARKKOSİNUS - kosinusa funksiyasına nəzərən tərs funksiyadır.
ARKKOTANGENS - kotangens funksiyasına nəzərən tərs funksiyadır.
ARKSEKANS - sekans funksiyasına nəzərən tərs funksiyadır.
ARKSİNUS - sinus funksiyasına nəzərən tərs funksiyadır.
ARKTANGENS - tangens funksiyasına nəzərən tərs funksiyadır.
ARTAN ARDICILLIQ - hər sonrakı həddi əvvəlkindən böyük olan ardıcıllıqdır.
ARTAN SİLSİLƏ - bir əvvəlki həddi sonrakından böyük olan silsilədir.
ARXİMED SPİRALI - ρ=φ funksiyasının qrafikinə deyilir.Bu spiral təqribi qurulur.
ARŞIN - metrik ölçü sistemi yarananadək Türkiyə,İran,Rusiya və s. ölkələrdə işlədilən uzunluq ölçüsüdür.Təqribən 75 santimetrə bərabər olmuşdur.
ASSOSİATİVLİK - toplama əməlinə aid qruplaşdırma qanununun digər adıdıdr.Bu termin latın sözü olub “əlaqə yaratmaq” deməkdir. Assosiativlik terminini ilk dəfə riyaziyyata 1843-cü ildə R.V.Hamilton gətirmişdir.
ASTROİD - böyük çevrəyə daxildən toxunan,radiusu bu çevrəninkindən 4 dəfə kiçik olub,həmin çevrə üzrə sürüşmədən diyirlənən başqa çevrənin ixtiyari p nöqtəsinin cızdığı əyridir.
ASTROLYABİYA - yer üzərində bucaqların ölçülməsi və qurulması üçün istifadə edilən sadə cihazdır.Astrolyabiya yunanca “astron-ulduz,labe-tutmaq” deməkdir.
AÇIQ BUCAQ - tərəfləri əks şüalar olan və ya düz xətt əmələ gətirən bucaqdır.
AÇIQ ÇOXLUQ - E çoxluğunun hər hansı bir nöqtəsi özünün daxili nöqtəsi olan çoxluqdur.
BAŞLANĞICLAR - Evklidin riyaziyyat tarixində xüsusi yer tutan 13 kitabına deyilir.
BEZU TEOREMİ - ixtiyari P(x) çoxhədlisinin x-a xətti ikihədlisinə bölünməsindən alınan qalıq haqqında teoremdir.
BERKOVES - 10 puda və ya 1638 sentnerə bərabər çəki ölçüsüdür.
BƏRABƏRLİK - (=) işarəsi ilə birləşdirilmiş iki ədədi və ya hərfi ifadədir.
BƏRABƏR VEKTORLAR - istiqaməti və uzunluqları bərabər olan vektorlardır.
BƏRABƏR FİQURLAR - bir-birinin üzərinə qoyulduqda tamamilə üst-üstə düşən fiqurlardır.
BƏRABƏRYANLI ÜÇBUCAQ - iki tərəfi bərabər olan üçbucağa deyilir.
BƏRABƏRTƏRƏFLİ ÜÇBUCAQ - tərəflərinin üçü də bərabər olan üçbucaqdır.
BƏRABƏRSİZLİK - böyük (>) və ya kiçik (<) işarəsi ilə bağlanan iki ədədi və ya hərfi ifadədir.
BƏRABƏRSİZLİYİN HƏLLİ - dəyişənin bərabərsizliyi doğru edən qiymətidir.
BİKVADRAT TƏNLİK - dəyişənin yalnız cüt qüvətləri daxil olan ax4+bx2+c=0 şəklində tənlikdir.
BİKVADRAT ÜÇHƏDLİ - ax4+bx2+c şəklində olan üçhədlidir.
BİLYON - sayma nəticəsində alınan min milyona deyilir.Bu sözdəki “bi” şəkilçisi latın sözü olub “iki misli” mənasını verir.
BİNOM - ikihədli deməkdir.
BİRQİYMƏTLİ FUNKSİYA - x-in X çoxluğundakı hər bir qiymətinə y-in ancaq bir qiyməti uyğun qoyulduqda,y=f(x) funksiyasına X çoxluğunda təyin olunmuş birqiymətli funksiya deyilir.
BİRLƏŞMƏLƏR - hər hansı şeylərdən düzəldilmiş və bir-birindən ya həmin şeylərin sırası və ya müxtəlifliyi ilə fərqlənən qruplardır.
BİRHƏDLİ - yalnız vurma və qüvvətə yüksəltmə əməlləri daxil olan cəbri ifadələrdir.
BİRDƏRƏCƏLİ BİRMƏCHULLU TƏNLİK - ax+b=0 şəklində olan tənliklərdir.
BİRDƏRƏCƏLİ İKİMƏCHULLU TƏNLİK - ax+by=0 şəklində olan tənliklərdir.
BİSSEKTRİS - tənbölən deməkdir,latıncadan tərcüməsi iki yerə kəsən deməkdir.
BÖLMƏ - bir ədədi o biri ədəddəki təkliklər qədər bərabər hissələrə ayırmaq və ya bir ədədi o biri ədəddəki təkliklər qədər təkliyi olan qruplara ayırmaq əməlidir.
BÖLÜNMƏ ƏLAMƏTİ - bölmə əməlini aparmadan bir natural ədədin ikinci bir natural ədədə bölünüb-bölünmədiyini ifadə edən qaydadır.
BÖLÜNƏN VƏ BÖLƏN - bir ədəd o birinə qalıqsız bölünərsə,birinci ədəd ikincinin bölünəni,ikinci ədəd isə birincinin bölənidir.
BUCAQ - ortaq başlanğıcı olan iki müxtəlif şüa və onların hüdudlandırdığı müstəvi hissəsinin əmələ gətirdiyi fiqurdur.
BUCAĞIN TƏNBÖLƏNİ - bucağı yarıya bölən xəttdir.
CƏBR - həndəsədən fərqli riyaziyyatdır.O,tənlikləri və funksiyaları öyrənir.Cəbr fənninin əsasını əl-Xarəzmi qoymuşdur.
CƏBRİ ƏDƏDLƏR - tam əmsallı cəbri tənliklərin kökü olan həqiqi və ya kompleks ədədlərə deyilir.
CƏBRİ İFADƏ - rasional cəbri ifadələrin başqa adıdır.
CƏBRİ FUNKSİYA - cəbri tənliyi ödəyən funksiyadır.
CIRLAŞMIŞ TRAPESİYA - oturacaqlarından biri nöqtəyə çevrilmiş trapesiyadır.
ÇARPAZ DÜZ XƏTLƏR - kəsişməyən və paralel olmayan iki düz xətdir.
ÇEVRƏ - müstəvi üzərində verilmiş nöqtədən verilmiş məsafədə olan və həmin müstəvidə yerləşən bütün nöqtələr çoxluğudur.
ÇOXBUCAQLI - sadə qapalı sınıq xətt ilə onun daxili oblastının birləşməsinə deyilir.
ÇOXQİYMƏTLİ FUNKSİYA - x arqumentinin hər bir qiyməti ilə y funksiyasına iki və daha çox qiyməti uyğun olan funksiyadır.
ÇOXHƏDLİ - toplama və çıxma işarələri ilə bir-birinə bağlı olan bir neçə birhədlidən alınan ifadədir.
DAİRƏ - ərəb sözüdür və müstəvi üzərində verilmiş nöqtədən məsafələri verilmiş məsafəni aşmayan həmin müstəvidə yerləşən bütün nöqtələr çoxluğudur.
DAİRƏNİN SAHƏSİ - çevrənin uzunluğunun yarısı ilə radiusu hasilinə bərabərdir.
DAİRƏVİ FUNKSİYA - sinus və kosinus funksiyalarına deyilir.
DAXİLƏ ÇƏKİLMİŞ BUCAQ - təpəsi çevrə üzərində olub,tərəfləri vətər olan bucaqdır.
DEDUKSİYA - ümumi qanunları bilib,bu qanunları xüsusi hallara tətbiqetmə üsuludur.Latın sözü olub “çıxarma” deməkdir.
DETERMİNANT - elementləri olan kvadratşəkilli cədvədir.Latın sözüdür və mənası “təyinedici” deməkdir.
DƏQİQƏ - saatın 1/60 hissəsinə deyilir.
DƏYİŞƏN KƏMİYYƏT - müəyyən bir proses ərzində müxtəlif qiymət alan kəmiyyətlərdir.
DƏRƏCƏ - müstəvi bucağın ölçü vahididir.
DİAQONAL - fiqurlarda bir tərəf üzərində yerləşməyən və onun iki təpəsini birləşdirən düz xətt parçasıdır.Bu termin yunan sözü olub “dia-iki və qonios-bucaq” deməkdir.
DİAMETR - mərkəzdən keçməklə çevrənin hər hansı iki nöqtəsini birləşdirən vətərdir.
DİREKTRİS - latın sözü olub və yönəldici xətt deməkdir.
DİSKRİMİNANT - kvadrat tənliyin köklərinin xarakterini müəyyən edən ifadədir.
DİSTRİBUTİVLİK - bir neçə ədədin cəminin hər hansı bir ədədlə hasili hər bir toplananın bu ədədə vurulmasından alınan hasillərin cəminə bərabərdir.Bu termini riyaziyyata 1814-cü ildə F.Servua daxil etmişdir.
DİFERENSİAL - x nöqtəsində y=f(x) funksiyasının f`(x) törəməsi olduqda,f`(x) törəməsi ilə Δx artımı hasilidir.
DİFERENSİAL TƏNLİK - sərbəst dəyişən x,axtarılan f(x) funksiyası və onun f`,f``,... törəmələri arasında verilmiş münasibətə deyilir.
DİFERENSİALLANAN FUNKSİYA - x=a nöqtəsində törəməsi olan funksiya həmin nöqtədə diferensiallanandır.
DODEKAEDR - üzləri düzgün beşbucaqlı olan və hər təpəsində yalnız üç til birləşən qabarıq düzgün çoxüzlüdür.Dodekaedr sözü yunan dilində “on iki üzlü” kimi işlədilir.
DOST ƏDƏDLƏR - A ədədinin bölənləri cəmi B ədədinə,B ədədinin bölənləri cəmi A ədədinə bərabər olarsa,A və B dost ədədlərdir.
DÖVRİ KƏSR - adi kəsr dəqiq onluq kəsrə çevrilərsə,o zaman bölmə nəticəsində sonlu onluq kəsr,çevrilməzsə sonsuz onluq kəsr alınır.
DÖVRİ FUNKSİYA - sıfırdan fərqli müsbət l ədədi üçün arqumentin istənilən mümkün qiymətlərində f(x+l)=f(x) bərabərliyi ödənilərsə,y=f(x) funksiyası dövri funksiya adlanır.
DÖNMƏ - müstəvinin yerdəyişməsində bir nöqtənin özünə inikas etməsidir.
DÜZ BUCAQ - açıq bucağın yarısına bərabər olan bucaqdır.
DÜZBUCAQLI - bucaqları düz bucaq olan paraleloqramdır.
DÜZBUCAQLI KOORDİNAT SİSTEMİ - qarşılıqlı perpendikulyar olan iki düz xəttin əmələ gətirdiyi sistemdir.
DÜZBUCAQLI ÜÇBUCAQ - bucaqlarından biri düz bucaq olan üçbucaqdır.
DÜZGÜN RƏQƏM - təqribi ədəddə hər hansı bir mərtəbənin rəqəmi o zaman düzgün hesab olunur ki,bu ədədin xətası həmin mərtəbə vahidinin yarısından böyük olmasın.
DÜZGÜN PİRAMİDA - oturacağı düzgün çoxbucaqlı olub,təpə nöqtəsi oturacağının mərkəzinə proyeksiyalanan piramidadır.
DÜZGÜN PİRAMİDANIN YAN SƏTHİNİN SAHƏSİ - oturacağının perimetri ilə onun apofemi hasilinin yarısına bərabərdir.
DÜZGÜN KƏSİK PİRAMİDANIN YAN SƏTHİNİN SAHƏSİ - hər iki oturacağın perimetrləri cəminin yarısı ilə apofemi hasilinə bərabərdir.
DÜZGÜN KƏSR - surəti məxrəcindən kiçik olan kəsrdir.
DÜZGÜN OLMAYAN KƏSR - surəti məxrəcindən böyük və ya ona bərabər olan kəsrdir.
DÜZGÜN ÇOXBUCAQLI - bütün tərəfləri və bütün bucaqları bərabər olan çoxbucaqlıdır.
DÜZ XƏTT - heç bir tərəfdən məhdud olmayan xəttdir.
DÜZ XƏTT PARÇASI - düz xəttin iki tərəfdən məhdud edilmiş hissəsidir.
DÜZ MÜTƏNASİB ASILILIQ - k sıfra bərabər olmayan ədəd olduqda,iki x və y kəmiyyəti arasında y=kx düsturu ilə ifadə olunan asılılıqdır.
DÜSTUR - hər hansı bir təklifi ifadə edən riyazi işarələr kombinasiyasıdır.
EVKLİD HƏNDƏSƏSİ - mütləq həndəsə aksiomları və Evklidin paralellik aksiomu əsasında qurulmuş həndəsədir.
EVKLİDİN PARALELLİK AKSİOMU - müstəvi üzərində verilmiş düz xəttin xaricindəki bir nöqtədən həmin düz xəttə,düz xəttin müstəvisindəki yerləşən yalnız bir paralel düz xətt keçirmək olar.
EVRİKA - Arximed öz adı ilə adlandırılan “Arximed qanununu” kəşf edərkən işlətmişdir.Yunan dilindən tərcümədə “tapdım” deməkdir.
EYNİ BƏRABƏR İFADƏLƏR - bütün uyğun qoymətləri bərabər olan ifadələrdir.
EYNİGÜCLÜ - ekvivalent deməkdir.
EYNİ İFADƏLƏR - hərflərin bütün mümkün qiymətlərində ədədi qiymətləri bərabər olan ifadələrdir.
EYNİLİK - hərflərinin bütün mümkün qiymətlərində doğru olan bərabərlikdir.
EYNİ ÇEVİRMƏ - bir ifadəni bununla eyni olan başqa ifadə ilə əvəz etməkdir.
EYNİLİKLƏ ÇEVİRMƏ - hər hansı nöqtəni özünə inikas etdirən fəza çevrilməsidir.
EKKER - yer üzərində bib-birinə perpendikulyar düz xətt,45o-li və 135o-li dəyişməz bucaqlar qurmaq üçün istifadə edilən sadə geodezik alətdir.
EKSTREMUM - funksiyanın maksimumu və minimumu birlikdə ekstremum adlanır.
ELEMENTAR RİYAZİYYAT - XVII əsrə qədər təşəkkül tapmış riyaziyyatdır.
ELEMENTAR FUNKSİYALAR - əsas elementar funksiyalar və sabitlər üzərində sonlu sayda dörd hesab əməli və superpozisiyalar tətbiq etməklə alınan və bir düsturla ifadə olunan y=f(x) funksiyasına deyilir.
ELLİPS - müstəvinin fokuslar adlanan verilmiş iki nöqtəsindən məsafələrinin cəmi sabit kəmiyyət olan nöqtələr çoxluğudur.
ƏDALƏT BİLDİRƏN ƏDƏDLƏR - Pifaqorçular ədədin kvadratını ədalətin simvolu adlandırırlar.
ƏDƏD - rəqəmlərin köməyi ilə ifadə olunan işarələrdir.
ƏDƏD OXU - üzərində hər bir ədədin uyğun nöqtə ilə göstərildiyi düz xəttdir.
ƏDƏDİ İFADƏ - ədədlərin əməl işarələri vasitəsilə birləşdirilməsindən alınan yazılışdır.
ƏDƏDİ ORTA - bir neçə ədədin cəmini toplananların sayına böldükdə alınan qismətdir.
ƏDƏDİ SİLSİLƏ - ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki hədlə eyni bir ədədin cəminə bərabər olan ədədi ardıcıllıqdır.
ƏDƏDİN KVADRATI - ədədin ikinci dərəcədən qüvvətidir.
ƏDƏDİN QÜVVƏTİ - ədədin bir neçə dəfə özünə vurulmasından alınan ədədə deyilir.
ƏDƏDİN QİYMƏTLİLİYİ - hər hansı ədəddəki qiymətli rəqəmlərin sayıdır.
ƏDƏDİN MODULU - ədədi düz xətt üzərində hesablama başlanğıcından həmin ədədin uyğun olduğu nöqtəyə qədər olan məsafədir.
ƏYRİ SƏTH - müstəvi olmayan səthlərə deyilir.
ƏYRİXƏTLİ İNTEQRAL - mənfi olmayan və [a,b] parçasında kəsilməyən f(x) funksiyasının əyrixətli inteqralı,ox oxunun [a,b] parçası,a və b nöqtələrindən ox oxuna çəkilmiş perpendikulyarlarla məhdudlanmış fiqurun sahəsinin qiymətinə deyilir.
ƏYRİXƏTLİ TRAPESİYA - yuxarıdakı şərtlərlə qurulan fiqurdur.
ƏKS VEKTOR - inikas vektordursa,onda onun tərs inikası əks vektordur.
ƏKS ƏDƏDLƏR - ədəd oxu üzərində iki ədədə uyğun olan nöqtələr başlanğıc nöqtəsindən müxtəlif tərəflərdə,lakin bərabər məsafələrdə olan ədədlərdir.
ƏKS TEOREM - tərs teorem deməkdir.
ƏKS TƏKLİF - bir təklifin həm şərti həm də nəticəsi inkaredici şəklə salındıqda alınan təklif əvvəlkinə görə əks təklifdir.
ƏKS TƏRS TƏKLİF - əks təklifdə şərt və nəticənin yerini dəyişdikdə alınan təklifdir.
ƏKS ÇOXHƏDLİLƏR - eyni mütləq qiymətli,lakin əks işarəli hədlərdən ibarət olan iki çoxhədlidir.
ƏMƏLLƏR - hesabda öyrənilən dörd əməldir.
ƏMƏLLƏR SIRASI - bir neçə əməlin ardıcıl olaraq yerinə yetiriməsi qaydasıdır.
ƏMSAL - hərfi vuruqların qarşısında duran ədədi vuruqdur.
ƏBOB - ən böyük ortaq bölən-bir neçə ədədin qalıqsız bölündüyü ədədlərdən ən böyüyüdür.
ƏKOB - ən böyük ortaq bölünən-verilən ədədlərdən hər birinə bölünən kiçik ədəddir.
ƏRƏB RƏQƏMLƏRİ - hazırda istfadə etdiyimiz rəqəmlərə deyilir.
ƏRƏB SİSTEMİ - onluq nömrələmə sistemidir.
ƏSAS ELEMENTAR FUNKSİYALAR - üstlü,qüvvət,loqarifmik,triqonometrik və tərs triqonometrik funksiyalara deyilir.
ƏSLİ ƏDƏDLƏR - sadə ədədlərə deyilir.
FAİZ - ədədin yüzdə bir hissəsinə deyilir və % kimi işarə olunur.
FAKTORİAL - latın sözüdür və n! kimi işarə olunur. n!=1•2•3•...(n-1) •n .
FƏZA - ərəb sözüdür və geniş meydan,boşluq mənasında işlənilir. Stereometriyada baxılan bütün nöqtələr çoxluğuna deyilir.
FƏRQ - azalanın çıxılandan nə qədər böyük olduğunu göstərən ədəddir.
FİQUR - həndəsədə hər hansı nöqtələr çoxluğudur.
FİQURLARIN BİRLƏŞMƏSİ - verilən iki və ya bir neçə fiqurun heç olmazsa birinə aid olan bütün nöqtələrdən və ancaq bu nöqtələrdən əmələ gələn fiqurdur.
FİQURLARIN KƏSİŞMƏSİ - verilən iki və ya bir neçə fiqurun hər birinə aid olan bütün nöqtələrdən və ancaq bu nöqtələrdən əmələ gələn fiqurdur.
FUNKSİYA - asılılıq deməkdir.
GEOMETRİYA - yerölçmə haqqında elm deməkdir.
GÜNYƏ - perpendikulyar endirmək və qaldırmaq,kağız üzərində 90 dərəcəli bucaq qurmaq üçün işlədilən cihazdır.
HARMONİK ANALİZ - rəqsi hərəkət,dalğaların yayılması,atmosfer hadisələri və s. kimi triqonometrik funksiyaları öyrənən triqonometriya hissəsidir.
HASİL - vurmadan alınan nəticəyə deyilir.
HEKSAEDR - üzləri kvadrat olan və hər təpəsində yalnız üç til birləşən düzgün çoxüzlüdür.
HERON DÜSTURU - üçbucağın sahəsinin hesablanması üçün istifadə edilir.
HESAB - ədədlər və onlar üzərində aparılan əməllər haqqında elmdir.Hesab adı yunan sözü olan aritmosdan götürülmüşdür və mənası ədəd deməkdir. Buna görə hesab elmini Arifmetika da adlandırırlar.
HESAB ƏMƏLLƏRİ - toplama,çıxma,vurma və bölmə əməlləridir.
HESABİ KÖK - mənfi olmayan ədədin mənfi olmayan kvadrat köküdür.
HƏQİQİ ƏDƏDLƏR - bütün rasional və irrasional ədədlərə deyilir.
HƏNDƏSƏ - yer ölçmə haqqında elm deməkdir.
HƏNDƏSİ YER - verilən şərtləri ödəyən bütün nöqtələr çoxluğunda verilən xassələrə malik nöqtələrin həndəsi yeridir
HƏNDƏSİ CİSİM - fəza xassələrindən başqa fikrən bütün xassələrindən məhrum edilən əşyadır.
HƏNDƏSİ FİQUR - istənilən nöqtələr çoxluğudur.
HƏNDƏSƏDƏ SİMMETRİYA - fəzanın hər bir M nöqtəsinə verilmiş O mərkəzinə simmetrik M nöqtəsi uyğun qoyularsa,onda fəzanın özünə alınan inikası mənasında işlədilir.
HƏRFİ TƏNLİK - tənliyə daxil olan kəmiyyətlərin hamısı hərflərlə ifadə edilərsə onda belə tənliklər hərfi tənliklər adlanır.
HƏCM - həndəsi cismin tutduğu fəza hissəsidir.
HİPERBOLA - müstəvinin fokuslar adlanan verilmiş iki nöqtəsindən məsafələri fərqi sabit kəmiyyət olan nöqtələr çoxluğudur.
HİPOTENUZ - düzbucaqlı üçbucaqda düz bucaq qarşısındakı tərəfə deyilir.
HİPPOKRAT AYPARALARI - elə üç fiqurdur ki,onlardan hər biri iki çevrənin qövsü ilə əhatə olunur və hər biri ilə bərabər böyüklükdə fiqur qurulur.
HOMOTETİYA - həndəsi çevirmədir.
HONİOMETRİYA - yunanca bucaq ölçürəm mənası verir və triqonometriyanın bir hissəsidir.
XARAKTERİSTİKA - loqarifmin tam hissəsidir.
XARAKTERİSTİKANIN TAPILMASI - vahiddən böyük ədədlər üçün xarakteristika ədədin tam hissəsində olan rəqəmlərin sayından bir əksiyinə bərabərdir.
XARİCİ BUCAQ - üçbucağın daxili bucağına qonşu olan bucaqdır.
XƏYALİ VAHİD - kvadratı mənfi birə bərabər olan ədəddir və i hərfi ilə işarə olunur.i ədədini riyaziyyata Eyler daxil etmişdir.
XƏYALİ ƏDƏD - bi şəklində olan ədədlərə deyilir.Xəyali ədəd terminini riyaziyyata Dekart daxil etmişdir.
XƏYALİ OX - üzərində sırf xəyali ədədlərin yerləşdiyi ordinat oxudur.
XƏTTİ ASILILIQ - k və b sıfra bərabər olmayan ədədlər olduqda y=kx+b düsturu ilə ifadə olunan iki x və y kəmiyyətləri arasındakı asılılıqdır.
XƏTTİ BUCAQ - ikiüzlü bucaqlara deyilir.
XƏTTİ İNTERPOLYASİYA - arqumentin iki konkret qiyməti arasındakı parçada funksiyanı xətti funksiya ilə əvəz etməyə deyilir.
XƏTTİ TAMLIQ AKSİOMU - kəsilməzlik aksiomlarına daxil olan aksiomdur.
XƏTTİ TƏNLİK - ax=b şəklində olan tənliklərə deyilir.
XƏTTİ FUNKSİYA - y=ax+b şəklində olan funksiyadır.
XIRDALAMA - adlı ədədlərdə böyük ölçü vahidlərini kiçik ölçü vahidləri ilə əvəz etməkdir.
İBTİDAİ FUNKSİYA - verilmiş aralıqdan bütün x-lar üçün F`(x)=f(x) münasibəti ödənilirsə,onda deyirlər ki,F funksiyası f funksiyasının ibtidai funksiyasıdır.
İKİLİK SAY SİSTEMİ - əsası iki olan say sistemidir.
İKİÜZLÜ BUCAQ - sərhədləri paralel olmayan müstəvilər olan iki yarımfəzanın kəsişməsinə deyilir.
İKİHƏDLİ TƏNLİK - ax+b=0 şəklində olan tənliklərdir.
İKOSAEDR - hər bir üzündəki tərəflərin sayı 3,hər bir təpəsindəki tillərin sayı 5,üzlərin sayı 20,təpələrinin sayı 12 və tillərinin sayı 30 olan düzgün çoxüzlüdür.
İNDEKS - riyazi ifadəyə daxil olan hərfin sağ tərəfində yazılan rəqəm və ya hərfə deyilir.
İNDUKSİYA - xüsusi halları yoxlayıb ümumi nəticəyə gəlmə metodudur.Bu söz latınca induktio sözündən götürülmüşdür və “yönəltmək” deməkdir.
İNİKAS - hər hansı qayda ilə M çoxluğunun hər hansı x elementinə N çoxluğunun müəyyən bir y=f(x) elementi uyğun gəldikdə deyirlər ki,M çoxluğunun N çoxluğuna f inikası verilmişdir.Bu asılılıq belə yazılır:x=f-1(y).
İNTEQRAL - latınca “summa” sözünün baş hərfindən götürülmüşdür.Bu işarəni riyaziyyata Leybnisin tələbəsi İvan Bernulli daxil etmişdir.
İNTEQRALLAMA - verilmiş funksiyanın bütün ibtidai funksiyalarını tapmaq deməkdir.
İNTERVAL - a<x<b bərabərsizliklərini ödəyən bütün x həqiqi ədədlər çoxluğudur və ]a,b[ kimi işarə edilir.
İNTERPOLYASİYA - latın sözü olub “daxilə keçirmə” mənasında işlədilir.
İONİYA NÖMRƏLƏMƏ SİSTEMİ - əlifba nömrələmə sistemlərindən biridir.
İRRASİONAL ƏDƏD - rasional olmayan həqiqi ədədlərdir.
İRRASİONAL TƏNLİK - dəyişəni radikal işarəsi altında olan tənliklərdir.
İSBAT - hər hansı xassənin doğruluğunu müəyyən edən mühakimədir.
İSTİQAMƏT - hər bir şüası eyni bir şüa ilə eyni istiqamətli olan bütün şüalar çoxluğudur.
İTİ BUCAQ - düz bucaqdan kiçik olan bucaqdır.
İŞARƏ SABİTLİYİ İNTERVALI - arqumentin müəyyən ədədi intervala daxil olan bütün qiymətlərində funksiyanın qiymətləri eyni işarəli olarsa,həmin interval funksiyanın işarə sabitliyi intervalı adlanır.
KAVALYERİ PRİNSİPİ - iki cismi müəyyən bir vəziyyətdə qoyub,bunları verilən hər hansı bir müstəviyə paralel keçirilən bir müstəvi ilə kəsdikdə alınan kəsiklər müadil (bərabər) fiqurlar olarsa,onda bu cür cisimlərin həcmləri eynidir.
KARDANO DÜSTURU - kub tənliyin həlli üçün C.Kardano tərəfindən 1545-ci ildə çıxarılmış düsturlara verilən addır.
KATET - düzbucaqlı üçbucaqda düz bucağı əmələ gətirən tərəflərdir.
KVADRANT - 90o-li bucaq əmələ gətirən radiusların ayırdığı sektordur.
KVADRAT - bütün tərəfləri bərabər olan düzbucaqlıdır.
KVADRAT KÖK - ikinci qüvvətdən kökə deyilir.
KVADRAT SANTİMETR - tərəfi 1 santimetrə bərabər olan kvadratdır.
KVADRAT TƏNLİK - ikidərəcəli cəbri tənlikdir.
KVADRAT ÜÇHƏDLİ - bir dəyişəni olan ikidərəcəli çoxhədlidir.
KVADRATURA - verilmiş hər bir dairə ilə eyni sahəli kvadratın tapılmasıdır.
KVARDİLYON - min trilyona bərabərdir.
KVİNTİLYON - min kvardilyona bərabərdir.
KƏMİYYƏT - zaman,temperatur,uzunluq və s. vahidlərə deyilir.Kəmiyyət ərəb sözüdür və dilimizə tərcüməsi “miqdar,say” deməkdir.
KƏSİK KONUSUN YAN SƏTHİ - oturacaqlarının çevrələri uzunluqlarının cəmi ilə doğuranı hasilinin yarısına bərabərdir.
KƏSİK SİLİNDR - silindrin elə hissəsinə deyilir ki,ondan kəsən müstəvi oturacağa paralel olmur və onu kəsmir.
KƏSİLMƏZ KƏSR - pilləli kəsrlərdir.
KƏSİLMƏZ TƏNASÜB - orta hədləri bərabər olan tənasübdür.
KƏSİLMƏZ FUNKSİYA - x nöqtəsi xo nöqtəsinə yaxınlaşdığında funksiyanın f(x) qiyməti onun f(xo) qiymətinə yaxınlaşarsa,onda deyirlər ki,f funksiyası xo nöqtəsində kəsilməz funksiyadır.
KƏSİLMƏZLİK AKSİOMLARI - Arximed aksiomu və xətti tamlıq aksiomundan ibarət olan aksiomlardır.
KƏSR - vahidin hissəsinə deyilir.
KƏSRİN ƏSAS XASSƏSİ - kəsrin surət və məxrəcini eyni bir natural ədədə vursaq və ya bölsək kəsrin qiyməti dəyişməz.
KƏSRİN İXTİSARI - kəsrin surət və məxrəcini eyni bir natural ədədə bölməklə ona bərabər olub hədləri kiçik olan yeni bir kəsrlə əvəz etməkdir.
KƏSRİN MƏXRƏCİ - vahidin neçə hissəyə bölündüyünü göstərən ədəddir.
KƏSR RASİONAL CƏBRİ İFADƏ - rasional cəbri ifadədə hərfi ifadəyə bölmə əməli olan cəbri ifadədir.
KƏSRİN SURƏTİ - vahiddən götürülmüş hissələrin sayını göstərən ədəddir.
KƏSR ÜSTLÜ QÜVVƏT - a ədədinin -ci qüvvəti a ədədinin m-ci qüvvətinin n-ci dərəcədən köküdür.
KƏSRİN TÖRƏMƏSİ - elə kəsrə bərabərdir ki,bu kəsrin surətində verilmiş kəsrin surətinin törəməsi vurulsun məxrəc-minus məxrəcin törəməsi vurulsun surət,məxrəcində isə məxrəcin kvadratı yazılır.
KOLLİNEAR VEKTORLAR - sıfır olmayan iki vektorun istiqaməti eyni və ya əksinə olan vektorlardır.
KOMBİNEZON - kombinatorikada sonlu çoxluqdur.
KOMMUTATİVLİK - cəmin yerdəyişmə xassəsidir.
KOMPLANAR VEKTORLAR - sıfır olmayan üç vektorun istiqamətini göstərən şüalar eyni bir müstəviyə paralel düz xətlər üzərimdədirsə,onda bu vektorlar komplanar vektorlardır.
KOMPLEKS ƏDƏDLƏR - a+bi şəklində olan ədədlərdir.
KOMPLEKS ƏDƏDİN HƏNDƏSİ TƏSVİRİ - istənilən a+bi kompleks ədədinə düzbucaqlı koordinat sistemində M(a,b) nöqtəsinin qarşı qoyulmasıdır.Bu isbatı ilk dəfə Q.Vessel vermişdir.
KOMPONENT - bir şeyin tərkib hissəsi deməkdir.
KONQRUENT - bərabər sözünün ekvivalentidir.
KONİK SƏTH - bir düz xətt fəzada yerini dəyişərək həmişə sabit bir nöqtədən keçib,verilən xətti kəsərsə bu düz xəttin əmələ gətirdiyi səthdir.
KONSTANT - sabit kəmiyyət deməkdir və const şəklində yazılır.
KONUS - düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasından alınan cisimdir.
KOORDİNAT SİSTEMİ - müstəvi üzərində nöqtənin vəziyyətini müəyyən edən ədədlərə deyilir.
KOR BUCAQ - düz bucaqdan böyük və açıq bucaqdan kiçik bucaqdır.
KOSEKANS - triqonometrik funksiyadır və cosec x kimi işarə olunur.
KOSİNUSLAR TEOREMİ - ixtiyari ABC üçbucağının bir tərəfinin kvadratı qalan iki tərəfinin kvadratları cəmi,minus bu tərəflərlə onların arasındakı bucağın kosinusu hasilinin iki mislinə bərabərdir.
KÖKALMA - xn=a şərtini ödəyən x ədədi a ədədinin n-ci dərəcədən köküdür. Kök işarəsini ilk dəfə Xristofor Rudolf işlətmişdir.
KUB - bütün ölçüləri bərabər olan düzbucaqlı paralelepipeddir.
KUB KÖK - kubu a ədədinə bərabər olan ədədə a ədədinin kub kökü deyilir.
KUB TƏNLİK - 3-cü dərəcəli tənliklərə deyilir.
KÜRƏ - fəzanın verilmiş nöqtədən məsafələri verilmiş müsbət R-dən böyük olmayan bütün nöqtələri çoxluğuna deyilir.
KÜRƏYƏ TOXUNAN MÜSTƏVİ - kürənin səthi ilə ancaq bir ortaq nöqtəsi olan müstəviyə deyilir.
KÜRƏ QURŞAĞI - kürə səthini iki paralel kəsən müstəvi arasındakı hissəsidir.
KÜRƏ SEQMENTİ - kürə səthinin hər hansı bir müstəvi ilə kəsilib ayrılan hissəsidir.
KÜRƏ SEKTORU - dairə sektorunun bütün qövsünü kəsməyən diametr ətrafında fırlanmasından alınan cisimdir.
KÜRƏNİN SƏTHİ - böyük dairə çevrəsinin uzunluğu ilə diametri hasilinə bərabərdir.
KÜRƏNİN HƏCMİ - onun səthi ilə radiusunun üçdə biri hasilinə bərabərdir.
QABARIQ ÇOXBUCAQLI - verilmiş çoxbucaqlının hər hansı tərəfini hüdudsuz olaraq təpələrdən hər iki tərəfə uzatdıqda,o bütünlüklə həmin xətdən bir tərəfdə qalarsa,onda belə fiqur qabarıq çoxbucaqlı adlanır.
QABARIQ FİQUR - müstəvi fiqurun istənilən iki nöqtəsini birləşdirən parça həmin fiqura aid olarsa,ona belə fiqur qabarıqdır.
QALIQLI BÖLMƏ - mənfi olmayan tam a ədədini natural b ədədinə böldükdə a=bq+r və r<b şərtini ödəyən q qisməti və r qalığı alınarsa,onda bu bölmə qalıqlı bölmə adlanır.
QAPALI ÇOXLUQ - bütün limit nöqtələri özünə daxil olan çoxluqdur.
QARIŞIQ ƏDƏD - tərkibində həm tam və həm də kəsr olan ədəddir.
QARŞILIQLI SADƏ ƏDƏDLƏR - birdən başqa ortaq böləni olmayan tam müsbət ədədlərdir.
QARŞILIQLI ÜÇBUCAQLAR - açıq bucaqdan kiçik iki bucaqdan birinin tərəfləri o birinin tərəflərinə əks olan şüalardırsa,belə bucaqlar qarşılıqlı bucaqlarıdr.
QAUSS METODU - xətti tənliklər sisteminin üçbucaq sisteminə gətirilməklə yerinə yetirilən həll qaydasıdır.
QEYRİ-MÜƏYYƏNLİK - sonsuzluq işarələri ilə yazılan ifadələr qeyri-müəyyənlik olaraq qəbul olunmuşdur.
QEYRİ-MÜƏYYƏN İNTEQRAL - F(x) funksiyası f(x) üçün ibtidai funksiya olduqda,deyirlər ki,F(x)+c ifadəsi f(x) funksiyasının qeyri-müəyyən inteqralıdır.
QİSMƏT - bölmə əməli nəticəsində alınan ədədə deyilir.
QİYMƏTLİ RƏQƏM - hər bir ədədin sıfır olmayan soldakı rəqəmindən başlayaraq bütün rəqəmləri həmin ədədin qiymətli rəqəmləridir.
QIZIL BÖLGÜ - AB parçasınınelə iki AE və EB kimi hissələrə bölünməsinə deyilir ki,AE hissəsi AB və EB arasında orta mütənasib olsun.
QONŞU BUCAQLAR - açıq bucaqdan kiçik ,bir tərəfləri ortaq,o biri iki tərəfləri isə əks şüalar olan iki bucağa deyilir.
QOŞMA DİAMETRLƏR - ellipsin ixtiyari AB diametri və AB-yə paralel KN vətəri qurulur.Sonra bu vətərin M orta nöqtəsini qurub,M və O nöqtələrindən CD diametri keçirilir.Bu vaxt [AB] və [CD] çevrənin perpendikulyar diametrlərini təsvir edən ellipsin diametrləri alınır ki,bu cür diametrlərə qoşma diametrlər deyilir.
QOŞMA KOMPLEKS ƏDƏDLƏR - a+bi və a-bi şəklində olan iki kompleks ədədə deyilir.
QÖVS - çevrənin bir hissəsi və ya mərkəzi bucağa aid hissəsidir.Qövs ərəb dilindən tərcümədə “bir hissə,göyqurşağı və s.” kimi mənalar verir.
QÖVS DƏRƏCƏSİ - çevrənin hissəsinə deyilir.
QÖVS ƏQRƏBİ - AB vətərinin ortasından AB qövsünü kəsənə qədər qaldırılmış perpendikulyar AB qövsünün əqrəbi adlanır.
QRAFİK - funksiyalar arasındakı asılılıqların nöqtə və düz xətlər vastəsi ilə təsvir edilməsidir.Qrafik sözü yunanca “qrafikos” sözündən götürülüb və mənası çertyoj deməkdir.
QRAFİK HESABLAMA - qrafik qurmaqla məsələnin həllini tapmaq qaydasıdır.
QRUPLAŞDIRMA QANUNU - a+(b+c)=(a+b)+c toplamanın assosiativlik qanunudur.
QURMA MƏSƏLƏSİ - verilmiş bəzi elementlərinə görə bu və ya başqa bir fiqurun qurulmasını tələb edən məsələlərdir.
QÜVVƏT - ax şəklində yazılan ifadələrə deyilir.
QÜVVƏT FUNKSİYASININ TÖRƏMƏSİ - xn funksiyasının törəməsi nxx-1 ifadəsinə bərabərdir.
QÜVVƏTƏ YÜKSƏLTMƏ - bir neçə bərabər vuruğun hasilini tapmaq əməlidir.
LEMMA - müstəqil əhəmiyyəti olmayan və yalnız başqa bir teoremi isbat etmək üçün lazım olan təklifdir.
LİMİT - dəyişən x kəmiyyəti öz dəyişmə prosesində a kəmiyyətinə yaxınlaşarkən n-in hər hansı qiymətindən başlayaraq xn - a fərqinin mütləq qiyməti istənilən qədər kiçik olarsa a ədədinə x dəyişən kəmiyyətinin limiti deyilir.
LOQARİFM - b ədədini almaq üçün a ədədini yüksəltmək lazım olan qüvvət üstü b ədədinin a əsasına görə loqarifmidir.
LOQARİFMİK FUNKSİYA - tərkibinə loqarifmik ifadə daxil olan cəbri funksiyadır.
LOQARİFMİK TƏNLİK - məchulu loqarifm işarəsi altında olan tənliklərə deyilir.
LOQARİFMLƏMƏ - ifadədən onun loqarifminə keçməkdir.
LOQARİFMLƏR SİSTEMİ - ardıvıl tam ədədlər sırası üçün eyni əsasa görə hesablanmış loqarifmlər heyətidir.
LOT - çəki vahididir
MAİL - müstəvini kəsən lakin ona perpendikulyar olmayan düz xəttdir.
MAİL PRİZMA - yan tilləri oturacaqlara mail olan prizmalardır.
MAKSİMUM VƏ MİNİMUM - funksiyanın maksimum və minimum nöqtələridir.
MANTİSSA - loqarifmin kəsr hissəsidir.
MEDİAN - üçbucağın hər hansı təpəsini qarşıdakı tərəfin orta nöqtəsi ilə birləşdirən düz xətt parçasıdır.
METODİKA - latınca “yol,üsul” mənalarını verən metod sözündən götürülmüşdür.
METR - yunanca “ölçü” deməkdir.
MƏNFİ ƏDƏD - sıfırdan kiçik həqiqi ədəddir.
MƏRKƏZ - ərəbcə dairənin tam orta nöqtəsi mənasını verir.
MƏRKƏZİ BUCAQ - iki radiusun əmələ gətirdiyi bucaqdır.
MƏRKƏZİ SİMMETRİYA - fəzanın hər hansı bir M nöqtəsinə verilmiş O mərkəzinə nəzərən ona simmetrik M nöqtəsi uyğun qoyularsa onda fəzanın özünə inikası alınar ki,buna da mərkəzi simmetriya adlanır.
MƏRKƏZİ SİMMETRİK FİQUR - mərkəzi O olan simmetriyada özü-özünə inikasdır.
MƏRTƏBƏ - təklik,onluq,yüzlük və s. sayma prosesində alınan adlardır.
MƏSAFƏ - ölçmə nəticəsində alınan uzunluqdur.
MƏXRƏC - adi kəsrdə kəsr xəttinin alt hissəsidir.
MƏCHUL - ərəb sözüdür,bilinməyən ədəd deməkdir.
MİKROMETR - çox kiçik xətt kəmiyyətlərini dəqiq ölçmək üçün lazım olan cihazdır.
MİLYARD - min milyondur.
MİLYON - min minlikdir.XIII əsrdə İtaliyada yaranan termindir.
MİNİMUM - ən kiçik miqdar mənasındadır.
MİNUS - çıxma işarəsinin digər adıdır.
MİSAL - ərəb sözü olub,mənası nümunə deməkdir.
MİSQAL - çəki vahididir.
MİSL - vurma deməkdir.
MODUL - mütləq qiymət deməkdir.
MONOTON FUNKSİYA - artmayan və azalmayan funksiyadır.
MÖTƏRİZƏ - əməlləri hansı ardıcıllıqla yerinə yetirmək lazım olduğunu göstərən şərti işarələrdir.
MÜADİL FİQURLAR - sahələri və ya həcmləri bərabər olan həndəsi fiqurlarıdır.
MÜKƏMMƏL ƏDƏD - özünün xüsusi bölənlərinin cəminə bərabər olan ədəddir.
MÜRƏKKƏB ƏDƏDLƏR - vahidə və özündən başqa ədədlərə də bölünə bilən ədədlərə deyilir.
MÜRƏKKƏB MƏSƏLƏLƏR - birdən artıq əməllə həll olunan məsələlərdir.
MÜSBƏT ƏDƏD - mənfi ədədlərin əksi olan ədədlərdir.
MÜSTƏVİ - hamar və düz ola bilən səthdir.
MÜSTƏVİNİN OXŞAR ÇEVRİLMƏSİ - müstəvinin özünə inikasında nöqtələri arasındakı bütün məsafələrin eyni bir k>0 nisbətində dəyişməsidir.
MÜSTƏVİ FİQUR - bütün nöqtələri müstəvi üzərində olan fiqurdur.
MÜXTƏSƏR VURMA EYNİLİKLƏRİ - hesablamanı asanlaşdırmaq üçün işlədilən ifadələrdir.
MÜTƏNASİB - ərəb sözüdür,mənası aralarında nisbət olan mənasında işlədilir.
MÜTLƏQ QİYMƏT - mənfi ədədin əksi olan müsbət ədəddir.
MÜTLƏQ XƏTA - ölçülən kəmiyyətin dəqiq qiyməti ilə onun təqribi qiyməti arasındakı fərqdir.
MÜTLƏQ XƏTA LİMİTİ - mütləq xətadan böyük olan ədəddir və yunan hərfi Δ ilə işarə edilir.
NATAMAM KVADRAT TƏNLİK - ax2+bx+c=0 çevrilməmiş tam kvadrat tənliyində b və c kəmiyyətlərindən biri və ya ikisi sıfra bərabər olduqda alınan tənliklərə deyilir.
NATAMAM QİSMƏT - iki ədəddən birinin digərinə bölünməsinin qalıqla yerinə yetirilməsidir.
NATURAL SIRA - tam ədədlər sırasına deyilir.
NEPER LOQARİFMİ - əsası e olan loqarifmlərə deyilir.
NEPER ÇUBUQLARI - çoxrəqəmli ədədlərin vurulmasını asanlaşdıran üsuldur.
NİSBƏT - iki ədəddən birinin o birinin hansı hissəsi olduğunu göstərən ədəddir.
NİSBİ XƏTA - təqribi ədədin mütləq xətasının bu ədədin özünə olan nisbətidir.
NİSBİ XƏTA LİMİTİ - mütləq xəta limitinin təqribi ədədə olan nisbətidir.
NYÜTON BİNOMU - n tam və müsbət ədəd olduqda (a+b)n ifadəsini çoxhədli şəklində göstərən düsturdur.
NÖMRƏLƏMƏ - ədədləri adlandırmaq və yazmaq üçün lazım olan qaydalar sistemidir.
OBELİKS - oturacaqları paralel müstəvilərdə yerləşən düzbucaqlı eyni qarşı üzləri isə oturacağa mail olan altıüzlüdür.
OKTAEDR - üzləri səkkizüzlü olan və hər təpəsində yalnız 4 til birləşən qabarıq düzgün çoxüzlüdür.
ONLUQ KƏSR - məxrəci 10 ədədinin qüvvətlərindən ibarət olan adi kəsrdir.
ONLUQ İŞARƏ - ədədin vergüldən sağ tərəfdə olan bütün rəqəmləridir.
ONLUQ LOQARİFM - əsası 10 olan loqarifmdir.
ONLUQ SAY SİSTEMİ - əsası 10 olan mövqeli say sistemidir.
ORDİNAT - koordinat sistemində y oxuna verilən addır.
ORTA KƏMİYYƏT - kəmiyyətlərin ən böyüyü və ən kiçiyi arasında qalan kəmiyyətdir.
ORTAQ BÖLƏN - bir neçə ədədin qalıqsız bölündüyü ədəddir.
ORTAQ BÖLÜNƏN - verilən natural ədədlərin hər birinə bölünən eyni natural ədədlərdir.
OX SİMMETRİYASI - yerdəyişmədə l düz xətti nöqtələrinin öz yerində qalması və sərhədləri l olan yarımmüstəvilərdən birinin o birinə inikasıdır.
OXŞAR HƏDLƏR - bir-birindən yalnız əmsalları ilə fərqlənən birhədlilərdir.
OXŞAR ÜÇBUCAQLAR - bucaqları cüt-cüt bərabər və uyğun tərəfləri mütənasib olan üçbucaqlardır.
OXŞAR SİLİNDR VƏ KONUS - oxşar düzbucaqlıların uyğun tərəfləri ətrafında fırlanmasından alınan iki silindr və ya konusdur.
PAZ - oturacağı düzbucaqlı,yan üzlərindən isə iki qarşı üzü bərabəryanlı üçbucaq və digər ikisi bərabəryanlı trapesiya olan beşüzlüdür.
PAYLAMA QANUNU - distributivlik qanununun digər adıdır.
PALİNDROMİK ƏDƏD - rəqəmlərini tərsinə düzdükdə dəyişməyən ədədlərə deyilir.
PANTOQRAF - verilmiş fiqura homotetik fiqurların qurulmasında istifadə olunan cihazdır.
PARABOLA - müstəvinin fokus adlanan F nöqtəsindən və direktris adlanan d düz xəttindən eyni uzaqlıqda olan nöqtələr çoxluğudur.
PARALEL DÜZ XƏTLƏR - bir müstəvi üzərində üst-üstə düşən və kəsişməyən iki düz xətdir.
PARALEL KÖÇÜRMƏ - həndəsi köçürmə metodudur.
PARALEL MÜSTƏVİLƏR - ortaq nöqtəsi olmayan müstəvilərdir.
PARALELEPİPED - oturacaqları paraleloqram olan prizmadır.
PARALELOQRAM - qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlıdır.
PASKAL ÜÇBUCAĞI - hesab aparmaq üçün tətbiq olunan sxemdir.
PARAMETR - yunanca ölçüb-ayırma mənasını verir.
PARÇA - düz xəttin iki müxtəlif nöqtəsindən və bunlar arasındakı bütün nöqtələrdən əmələ gələn çoxluqdur.
PERİMETR - müstəvi həndəsi fiqurun bütün tərəflərinin uzunluqları cəmidir.
PERİOD - dövr deməkdir.
PERMUTASİYA - kombinatorikada sonlu çoxluq elementləri üçün müəyyən bir nizamlı düzülüşdür.
PERPENDİKULYAR - latınca şaquli,dik mənalarını verir.
PƏRGAR - kağız üzərində xəttin ölçülməsi və xəttin uzunluğunun götürülməsi üçün işlədilən alətdir.
Pİ ƏDƏDİ - çevrə uzunluğunun diametrə nisbətidir və irrasional ədəddir.
PİRAMİDA - bir üzü hər hansı çoxbucaqlı,qalan üzləri isə ortaq təpəli üçbucaqlar olan çoxüzlüdür.Piramida yunanca piramidos sözündən götürülüb və mənası til deməkdir.
PİFAQOR ƏDƏDLƏRİ - a2+b2=c2 bərabərliyini ödəyən hər hansı üç natural ədədə deyilir.
PİFAQOR TEOREMİ - düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir.
PLANİMETRİYA - plani-latınca müstəvi və metreo-yunanca ölçürəm sözlərinin birləşməsindən təşkil olunmuşdur və həndəsənin müstəvi üzərində yerləşən fiqurları öyrənən hissəsidir.
PLYUS - latınca mənası çox deməkdir və toplama işarəsinin digər adıdır.
POZİSİON - latınca pozisi sözündən götürülmüşdür və mənası mövqe deməkdir.
POLİQON - 60x100 sm ölçüsündə olub üzərinə çertyoj kağızı çəkilmiş taxta lövhədir.
POSTULAT - isbatsız qəbul edilən təklifdir.
POTENSİALLAMA - loqarifmalamanın tərsi olan əməliyyatdır.
PRİZMA - iki üzü paralel müstəvilər üzərində olan n-bucaqlı,qalan n üzü paraleloqram olan çoxüzlüdür.Prizma yunan sözü olub,mənası mişarla kəsilmiş cisim deməkdir.
PROYEKSİYA - latınca proyektio sözündən götürülmüşdür və mənası qabağa atmaq deməkdir.Həndəsədə fiqurların kölgəsini qurmaq üçün istifadə olunur.
PROMİLLE - ədədin mində bir hissəsidir və latınca promille sözü mindəbir deməkdir.Promille işarəsi faiz işarəsinə oxşayır - ‰.
PUD - 16,83 kiloqrama bərabər olan qədim çəki vahididir.
RADİAN - radian sözü latınca radius sözündən götürülmüşdür və iki radius arasında qalan bucaq kimi başa düşülür.
RADİKAL - kök işarəsinə deyilir və latın dilində olan radix sözündən götürülərək kök deməkdir.
RADİKAL MƏRKƏZ - cüt-cüt götürülmüş ixtiyari üç dairənin üç radikal oxu bir nöqtədə kəsişərsə bu nöqtə onların radikal mərkəzi adlanır.
RADİUS - çevrənin hər hansı bir nöqtəsi ilə onun mərkəzini birləşdirən düz xətt parçasıdır.Radius sözü latıncadan tərcümədə şüa deməkdir.Bu termin XVII əsrdə qəbul edilmişdir.
RASİONAL ƏDƏD - müsbət və mənfi ədədlər sıfırla birlikdə rasional ədədlər adlanır.
RASİONAL CƏBRİ İFADƏLƏR - toplama,çıxma,vurma,bölmə və qüvvətə yüksəltmə əməlləri vasitəsilə rəqəmlər və hərflərlə işarə edilmiş ədədlərdən düzəldirmiş cəbri ifadələrdir.
RASİONAL FUNKSİYA - qüvvət funksiyalarından düzəldilmiş funksiyadır.
RƏQƏM - ədədləri yazıda göstərmək üçün işlədilən şərti işarədir.
RİYAZİ İNDUKSİYA METODU - müəyyən bir ümumi nəticəyə gəlmək üçün aparılan mühakimə üsuludur.İnduksiya latın sözüdür və yönəltmək mənasında işlədirlir.Bu metodu ilk dəfə işlədən B.Paskal olmuşdur.
RİYAZİ TƏKLİF - bitmiş bir riyazi fikri ifadə edən söz qrupudur.
RİYAZİYYAT - həqiqi aləmin fəza formalarını və kəmiyyətlər arasındakı münasibətləri öyrənən bir elmdir.Riyaziyyat sözü ərəbcədən tərcümədə əldə edilən biliklər heyəti deməkdir.
RİYAZİYYAT KABİNETİ - riyaziyyatdan əyani vəsaitlərin,cihazların saxlandığı və şagirdlərin bu fənni müstəqil işləmələri üçün ayrılan xüsusi otaqlardır.
ROMA RƏQƏMLƏRİ - I-bir,V-beş,X-on,L-əlli,C-yüz,D-beş yüz və M-min rəqəmlərinin köməkliyi ilə qurulan say sistemidir.
ROMB - bütün tərəfləri bərabər olan paraleloqramdır.Romb yunan sözü olub tərcüməsi daimi fırlanma və ya oxun fırlanması mənasını verir.
RULETKA - fransız sözü olub bükmə,yumrulama mənasını verir.
SABİT VƏ DƏYİŞƏN KƏMİYYƏTLƏR - müəyyən bir proses ərzində eyni qiyməti saxlayan kəmiyyətlər sabit,müəyyən bir proses ərzində müxtəlif qiymətlər alan kəmiyyətlər dəyişən kəmiyyətlərdir.
SADƏ ƏDƏD - yalnız vahidə və özünə bölünən natural ədədlərdir.
SANİYƏ - dəqiqənin 1/60 hissəsidir və ərəb sözüdür.
SALİSƏ - saniyənin 1/60 hissəsidir və ərəb sözüdür.
SAHƏ ÖLÇÜLƏRİ - kvadrat kilometr,kvadrat metr,kvadrat desimetr,kvadrat santimetr,hektar və ardır.
SEQMENT - vətər ilə hüdudlanmış dairə hissəsidir.
SEKTİLYON - min kvintlyondur.
SEPTİLYON - min sektilyondur.
SEKTOR - qövs və onun uclarından keçirilmiş iki radiusla hüdudlanmış dairə hissəsidir.
SEKTOR DİAQRAMI - verilmiş ədədin hər birinə sektorun,yəni iki radius və qövslə əhatə olunmuş dairə hissəsinin uyğun gəldiyi şəkildir.
SİLİNDR - tərəfi ox üzərində olan düzbucaqlının OX oxu ətrafında fırlanmasından alınan fiqurdur.
SİLSİLƏ - latın sözü olan proqressiya əvəzində işlədilir.
SİLİNDRİK FİQURLAR - hər hansı bir düz xətt vasitəsilə iki simmetrik hissəyə ayrılmış həndəsi fiqurlardır.
SİMMETRİYA - yunan sözü olub,hərfi mənası uyğunluq,oxşarlıq deməkdir.
SİNUS - triqonometrik funksiyadır.
SİNUSLAR TEOREMİ - hər hansı üçbucaqda tərəflər qarşıdakı bucaqların sinusları ilə mütənasibdir.
SİNUSOİD - sinus funksiyasının qrafikinə deyilir.
SİSTEMATİK KƏSRLƏR - vahidin hissələrinin ixtiyari deyil,sistematik seçilməsidir.
SINIQ XƏTT - hər parçanın sonu sonrakının başlanğıcı olub qonşu parçaları bir düz xətt üzərində olmayan parçaların birləşməsidir.
SIFIR - hindlilər sıfır rəqəminə sunia (boş),ərəblər isə əs-sifr (heç nə) demişlər.
SIFIR VEKTOR - başlanğıc və son nöqtələri üst-üstə düşən vektorlardır.
SIFIR QÜVVƏTİ - sıfırdan fərqli hər hansı bir ədədin sıfır qüvvətinin vahidə bərabər olmasıdır.
SKALYAR KƏMİYYƏT - ancaq bir həqiqi ədədlə təyin olunan kəmiyyətdir.
SKALYAR HASİL - iki vektorun skalyar hasili onların uzunluqlarının ədədi qiymətləri ilə aralarındakı bucağın kosinusu hasilinə bərabərdir.
SONSUZ BÖYÜYƏN KƏMİYYƏT - mütləq qiymətcə qeyri-məhdud böyüyən dəyişən kəmiyyətdir.
SONSUZ KİÇİLƏN KƏMİYYƏT - limiti sıfra bərabər olan dəyişən kəmiyyətlərdir.
SONSUZLUQ - ∞ işarəsinə deyilir.
SONSUZ SİLSİLƏ - silsiləni təşkil edən ədədlər sırası qeyri-məhdud olaraq davam etdikdə alınan silsilə sonsuz silsilə adlanır.
SOFİZM - elə mühakimədir ki,bu mühakimədə düzgün olmayan ilkin şərtlər həqiqi şərtlər kimi qələmə verilir.
SPİRAL - çıxış nöqtəsi və ya ox ətrafında getdikcə böyüyən dairələr cızaraq uzaqlaşan müstəvi xətdir.
STEREOMETRİYA - yunanca sreteos-fəza,məkan və metreo-ölçürəm deməkdir.Həndəsənin müstəvi üzərində yerləşə bilməyən fiqurları öyrənən hissəsidir.
SFERA - verilmiş fəza nöqtəsindən verilmiş müsbət məsafədə olan fəzanın bütün nöqtələri çoxluğudur.
SFERİK TRİQONOMETRİYA - sferik üçbucaqların bucaqları və tərəfləri arasındakı asılılığı öyrənən riyazi fəndir.
SFERİK HƏNDƏSƏ - planimetriyanın müstəvi üzərində yerləşən həndəsi obrazları öyrənməsinə oxşar olaraq sfera üzərində yerləşən həndəsi obrazları öyrənən riyazi fəndir.
ŞAQULİ - təpə,uc mənalarını verən “vertiqalis” latın sözündən götürülmüşdür.
TAM ƏDƏDLƏR - mənfi ədədlərə deyilir.
TAM KVADRAT TƏNLİK - x2+px+q=0 şəklində olan tənliklərdir.
TAM RASİONAL CƏBRİ İFADƏ - rasional cəbri ifadədə hərfi ifadəyə bölmə əməli olmayan cəbri ifadədir.
TEOREM - yunanca teoreo sözündən götürülmüşdür və mənası düşünürəm deməkdir.Doğruluğu isbat yolu ilə meydana çıxan təkliflərdir.
TETRAEDR - üzləri düzgün üçbucaqlı olan və hər təpəsində yalnız üç til birləşən qabarıq düzgün çoxüzlüdür.
TƏBİİ ƏDƏDLƏR - natural ədədlərə deyilir.
TƏBİİ LOQARİFM - Neper loqarifminə deyilir.
TƏQRİBİLİK - “≈” işarəsi ilə yazılan ifadələrdir.
TƏNASÜB - iki nisbətin bərabərliyinə deyilir.Tənasüb sözü latın dilindən götürülmüşdür.Tənasübün müasir şəkildə yazılışını Q.V.Leybnis təklif etmişdir.
TƏNBÖLƏN - bucağı yarıya bölən düz xəttdir.
TƏNLİK - məchulu olan bərabərliyə deyilir.
TƏNLİKLƏR SİSTEMİ - ümumi həlləri axtarılan iki və ya bir neçə tənlikdir.
TƏRİF - hər hansı anlayışın cinsini və bu cinsdən fərqləndirən növ əlamətini ifadə edən cümlədir.
TƏRS MÜTƏNASİBLİK - iki kəmiyyətdən birinin qiymətləri artdıqda və ya azaldıqda o birinin qiymətləri azalırsa və ya artırsa onda belə kəmiyyətlər tərs mütənasib kəmiyyətlər adlanır.
TƏRS TEOREM - şərti bir teoremin nəticəsi,nəticəsi isə həmin teoremin şərti olan teoremə deyilir.
TƏRS FUNKSİYA - bir funksiyanın tərsi olan funksiyaya deyilir.
TOPLAMA - iki və ya bir neçə toplananın cəmini tapmaq üçün edilən hesab əməlidir.
TOXUNAN - çevrə və ya dairə ilə ancaq bir ortaq nöqtəsi olan düz xətdir. Toxunan terminini riyaziyyata Lejandr daxil etmişdir.
TOXUNAN DÜZ XƏTT - funksiyanın qrafikinə çəkilmiş toxunan başa düşülür.
TOXUNAN MÜSTƏVİ - səthin B və C nöqtələri A nöqtəsinə müxtəlif istiqamətlərdən yaxınlaşdıqda üç A,B və C nöqtələrindən keçən kəsən müstəvinin qeyri-məhdud olaraq yaxınlaşdığı müstəviyə səthin A nöqtəsində ona çəkilmiş toxunan müstəvi deyilir.
TÖRƏMƏ - arqumentin Δx artımı istənilən qayda ilə sıfra yaxınlaşdıqda funksiyanın Δy artımının Δx artımına nisbətinin limiti varsa,onda həmin limitə y=f(x) funksiyasının x arqumentinə nəzərən törəməsi deyilir.Törəmə terminin riyaziyyata Laqranj daxil etmişdir.
TÖRƏMƏ TƏNASÜBLƏR - bir tənasübdən meydana gələn tənasüblərə deyilir.
TRANSPORTİR - bucaqları qurmaq və ölçmək üçün istifadə edilən alətdir.
TRANSSENDENT ƏDƏD - heç bir tam əmsallı cəbri tənliyin kökü ola bilməyən irrasional ədəddir.
TRANSSENDENT BƏRABƏRSİZLİK - tərkibində məchulun transsendent funksiyası olan bərabərsizlikdir.
TRANSSENDENT TƏNLİK - tərkibində məchulun transsendent funksiyası olan tənlikdir.
TRANSSENDENT FUNKSİYA - elementar hesab əməlləri ilə göstərilə bilməyən funksiyadır.
TRAPESİYA - iki tərəfi paralel,o biri iki tərəfi isə paralel olmayan dördbucaqlıdır. Trapesiya yunan sözüdür və stol mənasında işlədilir.
TRİQONOMETRİYA -yunanca triqonon-üçbucaq və metrezis-ölçmək deməkdir.
TRİQONOMETRİK FUNKSİYALAR - sinus,kosinus,tangens və kotangens funksiyalarına deyilir.
TRİLYON - milyarddan sonra gələn rəqəmlərə deyilir.
UZUNLUQ ÖLÇÜLƏRİ - kilometr,metr,desimetr,santimetr və millimetr uzunluq ölçüləri adlanır.
UYĞUN BUCAQLAR - iki paralel düz xətti üçüncü düz xətlə kəsdikdə alınan bucaqlardır.
ULDUZVARİ ÇOXBUCAQLI - konturu öz-özünü kəsən çoxbucaqlılardır.
ÜÇ PERPENDİKULYAR - müstəvi üzərində mailin oturacağından bunun proyeksiyasına perpendikulyar olaraq keçirilən düz xəttin mailin özünə də perpendikulyar olmasıdır.
ÜÇBUCAQ - üç tərəfi olan çoxbucaqlıdır.
ÜÇBUCAĞIN BUCAQLARI CƏMİ - 180 dərəcəyə bərabərdir.
ÜÇBUCAĞIN SAHƏSİ - oturacağı ilə hündürlüyü hasilinin yarısına bərabərdir.
ÜÇBUCAĞIN TƏNBÖLƏNİ - üçbucağın təpəsindən qarşıdakı tərəflə kəsişmə nöqtəsinə qədər olan parçadır.
ÜÇBUCAĞIN XARİCİNƏ ÇƏKİLMİŞ ÇEVRƏ - üçbucağın xaricində yerləşməklə onun tərəflərindən birinə və qalan tərəflərinin uzantısına toxunan çevrədir.
ÜÇBUCAĞIN HÜNDÜRLÜYÜ - üçbucağın hər hansı təpəsindən qarşıdakı tərəfə və ya onun uzantısına endirilmiş perpendikulyardır.
ÜSTLÜ TƏNLİK - dəyişəni qüvvət üstünə daxil olan tənliklərdir.
ÜSTLÜ FUNKSİYA - funksiyanın arqumentinin qüvvət üstünə daxil olduğu funksiyalardır.
ÜSTLÜ FUNKSİYANIN TÖRƏMƏSİ - əsasının natural loqarifması və üstünün törəməsi hasilinə bərabərdir.
VEKTOR - fəzada müəyyən uzunluğa və istiqamətə malik olan parçadır.
VEKTORİAL KƏMİYYƏT - ədədi qiymətindən başqa,həm də fəzadakı istiqaməti ilə xarakterizə olunan kəmiyyətdir.
VEKTORİAL HASİL - iki a və b vektorlarının c hasilidir.
VEKTORLARIN CƏMİ - a və b vektorlarının ardıcıl inikasının nəticəsi olaraq müstəvinin özünə inikasıdır.
VƏTƏR - çevrənin hər hansı iki nöqtəsini birləşdirən düz xətt parçasıdır.
VİYET TEOREMİ - çevrilmiş kvadrat tənliyin köklərinin cəmi əks işarə ilə götürülmüş ikinci əmsala,köklərin hasili isə sərbəst həddə bərabərdir.
VİNOQRADOV TEOREMİ - kifayət qədər böyük olan istənilən tək ədəd 3 sadə ədədin cəminə bərabərdir.
VURMA - verilən ədədlərdən birinin o biri ədəddəki təkliklərin sayı qədər toplanan olaraq təkrar edilməsidir.
YARIMMÜSTƏVİ - bölünmüş müstəvidir.
YERDƏYİŞMƏ - müstəvinin özünə inikasında məsafənin saxlanmasıdır.
YERDƏYİŞMƏ QANUNU - kommutativlik qanununa deyilir.
YUVARLAQLAŞDIRMA - ədəddə axırıncı rəqəmlərdən birini və ya bir neçəsini atmaq deməkdir.
YUVARLAQ ƏDƏD - sonu sıfırla qurtaran ədədlərdir.
YÜKSƏKDƏRƏCƏLİ TƏNLİKLƏR - hər hansı bir n-dərəcəli tənlikdir.
ZƏRURİ VƏ KAFİ ŞƏRT - hər hansı S mülahizəsinin doğru olmasından P mülahizəsinin doğru olması alınırsa,onda P S-in zəruri şərti,S isə P-nin kafi şərtidir.
Topladı , tərcümə etdi və hazırladı:Arzu Məlikova
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!