Müasir dərsə verilən əsas
tələblərdən biri də fəndaxili və fənlərarası inteqrasiyadır. Fənlərarası
inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi
olmaqla bir fənnə aid anlayışların və metodların digər bir fənnin
öyrənilməsində istifadəsini nəzərdə tutur. Təlimin keyfiyyətinin
yüksəldilməsində inteqrasiyanın rolu böyükdür. O, şagirdlərin bədii təfəkkürünü
inkişaf etdirir, yaradıcı fəallığını artırır. İnteqrasiya təkcə şagirdlərin
deyil, müəllimlərin də pedaqoji imkanlarını, yaradıcılıq qabiliyyətlərini
aşkara çıxarır, tədqiqatçılıq meyllərini artırır və dərslərini daha maraqlı,
məzmunlu qurmağa sövq edir. İnteqrasiya əsas pedaqoji prinsiplərdən biri olaraq
riyaziyyatın tədrisində də mühüm rol oynayır. Riyaziyyatın tədrisi prosesində
fənlərarası inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şagirdlər
tərəfindən daha asan mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu qurulması,
şagirdlərdə tədqiqatçılıq meyllərinin yaranması üçün vacibdir. Əlbəttə,
riyaziyyatın yaxın fənlərlə (fizika, kimya, coğrafiya, informatika) inteqrasiya
imkaları çox genişdir və bir çox mövzuların tədrisində tətbiq edilir. Lakin
riyaziyyat dərslərində müxtəlif mövzuların tarixlə, ədəbiyyatla əlaqələndirilməsi
şagirdlərdə böyük maraq doğurur və dərs daha canlı keçir. Riyaziyyatda hər
hansı bir təklif teorem, qayda, düstur vasitəsilə öz əksini tapırsa, bədii
ədəbiyyat isə insanların taleyini, əməllərini söz vasitəsilə əks etdirir,
oxuculara çatdırır. Dünya ədəbiyyatından məlumdur ki, böyük yazıçılar, şairlər
həm də riyaziyyatçı olmuşlar, riyaziyyatı sevmiş və riyaziyyat haqqında maraqlı
fikirlər söyləmişlər. Məsələn, böyük rus şairi A.S.Puşkin demişdir ki,
"Qəlbən şair olmayan əsl riyaziyyatçı ola bilməz", "Həndəsədə
olduğu kimi poeziyada da ilham lazımdır", yaxud M.V.Lomonosovun dediyi
başqa bir fikrə görə, "Riyaziyyatı ona görə öyrənmək lazımdır ki, o zehni
qaydaya salır". Əlbəttə, bu müdrik sözlər riyaziyyat və
ədəbiyyat fənlərinin bir-birinə yaxınlığını göstərir. Pifaqor böyük
riyaziyyatçı olmaqla bərabər həm də musiqiyə həvəs göstərmişdir. O, musiqi
harmoniyasının və əlifbasının modelini notlardan əvvəl ədədlərin kodu və
nisbətini işarə ilə ifadə etməyə təşəbbüs etmişdir. Qədim yunan filosofu - riyaziyyatçı
Platon demək olar ki, bütün əsərlərini dialoq şəklində yazmışdır. Onun
əsərlərinin dil və kompozisiya bədii cəhətdən çox yüksəkdir. Platon
"Timeye" adlı dialoqunda qədim materialistlərin dörd təbii ünsürü
(su, hava, torpaq və od) ilk dörd düzgün çoxüzlü ilə əlaqələndirmişdir. O, od
üçün tetraedr (dördlü), su üçün ede (iyirmiüzlü), hava üçün okteadr (səkkizüzlü) və torpaq üçün kub (altıüzlü)
kimi adlar vermişdir. Dodekaedri (onikiüzlü), isə bütün kainatın simvolu qəbul
etmişdir. Ədəbiyyatdan məlumdur ki, məcaz növlərindən
biri təşbehdir (bənzətmədir). Yazıçı bəzən təsvir etdiyi bir əşyanı, hadisəni
müəyyən əlamətinə görə başqa əşya və hadisəyə bənzədir. Odur ki, riyaziyyatda da müəllim hər bir
riyazi termini, həndəsi fiqurları müəyyən rəmzə çevirmək, bənzətmək məharətinə
malik olmalıdır. Məsələn: Bənzər günəşə, aya, Diyirlənər hər yana. Təkər kimi girdədir, Onun adı, de nədir? Şifahi xalq ədəbiyyatının qədim və maraqlı
nümunələrindən olan bayatılar və tapmacalar insanların bədii zövqünü
yüksəltməklə bərabər, həm də zehni qabiliyyətini inkişaf etdirir. Odur ki, mən
dərslərimdə belə bənzətmələrdən - şeirlə ifadə edilmiş məsələ və misallardan
geniş istifadə edirəm. Məsələn, "adi kəsrlər" mövzusunu tədris
edərkən adi kəsrin qiymətinin vahiddən böyük olmadığını belə bir şeir parçası
ilə şagirdlərə çatdırıram. "Bir güllə yaz olmaz, Əlli olmaz, yüz olmaz. Düzgün kəsrin qiyməti Vahiddən böyük olmaz". Bə ya "Tənlik" mövzusunu tədris
edərkən: "Tərkibimdə məchul var, Özüm bərabərliyəm. Məsələlər həllində Köməyinizə gələrəm. Tapın görək, mən kiməm?" şeir parçasını
söyləyirəm. "Müsbət və mənfi ədədlər" mövzusunu
tədris edərkən şagirdlərə çatdırıram ki, riyaziyyatdan "-" və
"+" ədədlər olduğu kimi, əsərin də "-" və "+"
qəhrəmanları olur. Qeyd edirəm ki, "-" ədədlər ilk dəfə qədim Çində
meydana gəlmişdir və burada Nizaminin "Yeddi gözəl" poemasından
"Xeyir və Şər" hekayəsindən aşağıdakı beyti söyləyirəm: "Çin qızı söylədi: İki növcavan Başqa bir şəhərə oldular rəvan.Gəncin biri Xeyir, biri Şərdi, Onlar adları tək işlər
görərdi". Burada müsbət ədədin Xeyir, mənfi
ədədin Şər rolunda olduğunu bildirirəm. Riyazi anlayışların və
terminlərin ilk dəfə nə vaxt və harada işlədilməsi şagirdlərdə böyük maraq
doğurur. "Piramida" mövzusunu tədris edərkən "Misir
ehramları" haqqında şagirdlərə məlumat vermək olar. Eramızdan əvvəl II
əsrdə sidonlu yunan Antipart 7 ən gözəl tikinti təsvir etmiş və onları
"Dünyanın yeddi möcüzəsi" adlandırmışlar. Bunlardan biri də Misirdəki
(Gizədəki) piramidalardır. Ən böyük piramidanı e.ə. 2575-ci ildə firon Heopsa
ucaltmışlar."Metrik ölçü sistemi" mövzusunu tədris edərkən qeyd edirəm
ki, əvvəllər ölçü vahidlərini hər ölkə öz istədiyi şəkildə təyin edirdi. Lakin
dünyada ticarətin inkişafı ilə əlaqədar olaraq ümumi uzunluq və digər ölçü
etalonları müəyyən edilməyə başlandı. Odur ki, uzunluğun metrlə, ağırlığın
kiloqramla ölçülməsinə ilk dəfə Fransada başlanmışdır. Fransa burjua inqilabı dövründən yaradılmış
kütlə etalonu hazırda Parisin Luvr sarayında saxlanılır. Metrik ölçü sistemi
yarananadək Rusiya, İran, Türkiyə, Əfqanıstan və b. ölkələrdə uzunluq vahidi
arşın (türk sözüdür) işlədilmişdir. Eləcə də Azərbaycanın böyük bəstəkarı
Ü.Hacıbəylinin məşhur "Arşın mal alan" komediyasındakı tacirin ölçü
vahidi arşın idi. Kurikulum islahatının əsas məqsədi gənc nəslin
hərtərəfli bilik və bacarığa malik vətəndaş kimi formalaşdırılmasıdır. Odur ki,
riyaziyyat dərslərində müxtəlif mövzuların ədəbiyyat və tarixlə
əlaqələndirilməsi şagirdlərin fəallığını artırır, qavrama qabiliyyətlərini
gücləndirir, dünyagörüşünü zənginləşdirir. Riyaziyyatın ədəbiyyatla
inteqrasiyası şagirdlərin nitqinin və yaradıcı qabiliyyətlərinin inkişafına da
müsbət təsir edir. Q.Qaliley yazırdı: "Dünya riyaziyyat dilində yazılmış
bir kitabdır, bunu ancaq həmin dilə yiyələnənlər öyrənə bilər".
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz... Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!