Şagirdlərin ev işləri
Təhsildə çətinlik çəkən uşaqları ev tapşırığı haqqında fikirlər məyuslaşdırır. Bunun nə üçün baş verdiyini araşdırmağa cəhd edərsək yada salmış olarıq ki, ev tapşırığının əsas məqsədi qazanılmış vərdişlərin möhkəmləndirilməsidir. Ev tapşırıqları yeni biliklərin alınma üsulu və ya qeyri-tam mənimsənilmiş vərdişlərin möhkəmləndirilməsi deyil. Müəllim dərs zamanı müəyyən vərdişləri öyrədir və şagirdlər yeni bacarıqları mənimsədiklərini nümayiş etdirdikdən sonra bu bilikləri təkrar istifadə etmək üçün bir neçə ev tapşırığı verir. Belə yanaşma şagirdlərə əldə olunmuş bacarıqlarını məktəbdən kənarda tətbiq etmələrinə imkan yaratmış olur.
Əgər ev tapşırığı bu prosesdən kənarda verilirsə, yəni başqa sözlə ifadə etsək məktəbdə tədrisin səviyyəsi və uşaqlara aşılama metodu aşağı olarsa, şagird ev tapşırığını həll etməyə başlayarkən özünü “minalı sahədə gəzintidə” olduğu kimi hiss edər və mahiyyətini yaxşı bilmədiyi işdən bezər. Bu halda valideyn və uşaq arasında tamamilə mənasız mübarizə yaranar.
Tədrisdə çətinlik çəkən şagirdlər üçün ev tapşırıqları ciddi problemlərə çevrilə bilər. Uşaqlar valideynlərinin qarşısında məsuliyyətli və savadlı görünmək istəyərlər, valideynlər isə övladlarının məktəbdəki uğurlarından narahat olarlar. Bu iki faktor belə şagirdlərin ev tapşırıqlarını yerinə yetirməsi ilə əlaqədar olan gərginliyi artırar.
Bəzi valideynlər ev tapşırıqlarını yerinə yetirməkdə övladlarına kömək edə bilirlər, əksər valideynlər isə bu işdə çətinlik çəkirlər. Ev tapşırıqlarını yerinə yetirməkdə övladlarınıza kömək edə bilməsəniz də aşağıdakı məsləhətlər vəziyyəti düzəltməkdə sizə kömək edə bilər:
1.Uşağın ev tapşırığını yerinə yetirməsi üçün, diqqətini yayındırmadığı yerdə daimi oturacağı olmalıdır.
2.Ev tapşırıqları məktəbdən qayıtdıqdan sonra çox zaman keçmədən yerinə yetirilməlidir. Əlbəttə, uşaq dərsdən sonra bir qədər dincəlməli, yüngül yeməli və onun üçün maraqlı olan mövzulardan danışılmalıdır. Lakin, evə gəldikdən təxminən bir saat sonra ev tapşırıqlarını yerinə yetirməyə başlamalıdır. Bunu gün rejimi və fizioloji mexanizm tələb edir. Belə ki, qazanılmış vərdişlər yaddan çıxmamış möhkəmləndirilməlidir.
3.Uşaq yalnız ev tapşırıqlarını yerinə yetirdikdən sonra əlavə məşğuliyyətlə məşğul ola bilər. Çox tez-tez rast gəldiyimiz haldır ki, uşaqlar vaxtı boş keçirər və ev tapşırığının icrasını axşama saxlayar. Axşamlar isə uşaqların tapşırığı icra etməsi üçün diqqətini toplamaq qabiliyyəti azalar.
4.Əgər ev tapşırıqları həqiqətən də uşağın çox vaxtını və gücünü alarsa (norma ibtidai siniflər üçün bir saat, digər siniflər üçün isə iki və ya 3 saat) onda müəllimlərlə söhbət etməyiniz məsləhətdir.
Mütəxəssislərin fikrincə əgər övladınıza həqiqətən də kömək etmək istəyirsinizsə bir neçə anı nəzərə almalısınız. Çalışın ki, övladlarınıza aşağıdakı prinsipləri aşılaya biləsiniz. Onda uşağın "minalanmış sahədə gəzintisi" xoşagələn və əyləncəli gəzintiyə çevrilər.
Münasibət. Övladlarınızda məktəbə və təhsilə müsbət münasibət yaratmağınız məsləhətdir.
Seçim. Ev tapşırıqlarını yerinə yetirmək ardıcıllığının və üsullarının seçimini uşaqların ixtiyarına buraxsanız daha məqsədəuyğun olr. Lakin, “iş yerinə yetirilməlidir” prinsipini unutmaq olmaz..
Fasilə. Övladlarınıza işi və istirahəti növbələşdirməyi elə öyrədin ki, bu, onların başa düşmək və yadda saxlamaq qabiliyyətini artırmış olsun. İbtidai siniflərin şagirdləri üçün ev tapşırıqlarını yerinə yetirmək təxminən belə olmalıdır: 25-30 dəqiqə iş, 5-7 dəqiqə istirahət (çay içmək, təbii ehtiyacını ödəmək və s.).
Təlimat. Şərait yaradın ki, uşaq sərbəst olaraq məsələyə aid izahatı (təlimatı) oxusun və onu başa düşməyə çalışsın. Əgər uşaq buna nail ola bilmirsə, onu öz sözlərinizlə izah etməyiniz məsləhətdir..
Tərifləmək. Övladınızı çalışqan, düzgün və səliqəli olduğuna görə tez-tez tərifləməyi unutmayın.
Şərait. Ev tapşırıqlarının icrası üçün yaradılan şəraitin rahat və əlverişli olması şagirdin təhsil uğurlarının yüksəlməsinə səbəb olur.
Oyunlar. Qaydaları oyun formasında öyrətdikdə uşaq üçün bu qaydaları öyrənmək daha maraqlı olur. Ev tapşırıqlarında əyləncə elementlərinin olması uşaqlarda tapşırıqların həllinə marağı və diqqəti artırır.
Bacarıqlar. Davamlı tədris bacarıqlarını yaratmaq üçün ev tapşırıqlarının gündəlik yerinə yetirilmə sxemini tərtib edin: - eyni yerdə və eyni zamanda olmaq şərti ilə.
Stimul. Davamlı bacarıqların və müsbət vərdişlərin yaradılmasının əvvəlində uşaq hansısa stimullara ehtiyac hiss edir: bu, tərif gözləmək, hədiyyə və ya sərbəst vaxt vermək ola bilər.
Sevinc. Unutmayın ki, öyrənmə şən və əyləncəli halda hazır olmalıdır. Çalışın ki, çətin fənnlər uşaqlar üçün maraqlı olsun.
Temp. Hər bir şagird, ona uyğun olan tempdə çalışır. Bir müddətdən sonra bu temp arta bilər. Onu intensivləşdirməyə cəhd etməyin.
Yaddaş. Keçilmiş materialların tez-tez təkrarı və gündəlik praktika, yoxlama yazıdan öncə bütün gecə boyu əzbərləməkdən daha faydalıdır.
Norma. Ev tapşırığının yerinə yetirilməsi müəyyən olunmuş ev qaydalarının tərkib hissəsi olmalıdır. Hətta bir gün şagirdin ev tapşırığı olmasa, ev tapşırıqları üçün ayrılmış vaxtda şagirdin kitab oxuması və ya əlavə materialları öyrənməsi olduqca əhəmiyyətlidir.
Əlverişli şərait. İstənilən əlverişli şəraiti istifadə edin ki, uşaq faydalı bacarıqları praktikada yoxlasın. Məsələn, xahiş edin ki, kommunal xərclərini hesablasın, mağazada nəsə aldıqda verilən pulun qalığını müəyyən etsin və s.
Kitab Oxuma. İstirahət vaxtı uşaqların kitab oxumalarını stimullaşdırın. Yadda saxlayın: kitab oxumaq vərdişinin yaxşılaşdırılmasının etibarlı üsulu kitab oxumaqdır.
Müəllim. Uşaq üçün çətin vəziyyətlərdə dəstək və məsləhət üçün müəllimə müraciət etməniz məsləhətdir.
İş. Ev tapşırığı sizin övladınızın vəzifəsidir. Əsrlərlə yoxlanılmış qaydanı tətbiq etsəniz uğur hər zaman sizinlə olar: əvvəlcə iş, sonra istirahət.
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!