5.10.2015

 10/05/2015 04:44:00 ÖS         Şərh yoxdur
“Müəllim yeganə şəxsiyyətdir ki,cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir.”
Heydər Əliyev
Önizleme
Zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar deyənlər çox olmuşdur. Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayır, Həzrəti Əli isə mənə bir hərf öyrədənin qulu olmağa hazıram, deyirdi. Nizami Gəncəvi müəllimi günəşə bənzədirdi. L.N.Tolstoya görə öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim əla müəllimdir.
Daha kimlər, kimlər…
Ulu öndərimiz də müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında gözəl sözlər söyləmişdir.Onun müəllim haqqında dediyi “müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini- uşaqların tərbiyəsini yalniz ona etibar edir” fikri müəllimə verilmiş ən gözəl tərifdir. Doğrudan da, cəmiyyətin qurucusunu, onu idarə edənləri fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s. – hər kəsi tərbiyə edən müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir.
Müəllim kimdir? Müəllim necə olmalıdır?
Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi,düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisidir. Müəllim təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayır-sevinci, kədəri, problemləri ilə birgə. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır. Müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir.
Müəllim bağbandır, elə bağban ki,
Hər gül qönçəsində bir ömür yaşar.
Müəllim loğmandır, elə loğman ki,
Səsində, sözündə min bir məlhəm var.
Məktəbə əbəs yerə təlim-tərbiyə ocağı demirlər. Böyük maarifçi Həsən bəy Zərdabi demişdir: “Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”. Uşaqların tərbiyəsində isə əsas yük müəllimlərin çiyninə düşür. Bütün peşələr gözəldir, gərəklidir. Lakin müəllimin yetişdirdiyi məhsul insan olduğundan və cəmiyyətin gələcəyi bundan asılı olduğundan müəllimlik peşələrin ən şərəflisi, ən müqəddəsidir.
Müəllimə nahaq yerə ziyalı demirlər. Müəllim öz ziyası, nuru ilə təkcə şagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçmalıdır. Müəllim qəlbən, mənən pak olmalı, bütün şagirdlərinə bir gözlə baxmalı, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük ürəyə malik olmalıdır. Bu gün müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bu günün müəllimi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir. Hər şeydən əvvəl hər bir müəllim özü bu keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, yüksək mədəniyyəti, ən əsası, dərin biliyi, savadı ilə şagirdlərinə nümunə olmalıdır. Y.A.Komenski biliksiz müəllimi susuz bulağa, işıqsız lampaya bənzədirdi.
Müəllim yaradıcı olmalı, keçdiyi hər bir dərsə yeni yazacağı bir əsər kimi baxmalıdır.Müəllim yenilikçi, novator olmalı, haçansa öyrəndiyi bilikləri ilə kifayətlənməməli, daim öz üzərində işləməli, cəmiyyət inkişaf etdikcə özü də inkişaf etməlidir. Əks halda müasir dövrlə ayaqlaşan, savadlı şagirdlər yetişdirmək mümkün deyildir.
Mən müəllimliyi atamın simasında sevmişəm. Atam Baxşəli Seyfullayev uzun illər Lerik rayonunun Çayrud kənd orta məktəbində kimya- biologiya müəllimi işləmişdir.Uşaq vaxtı- məktəbdə oxuduğum illərdə atamla rayon mərkəzinə, yaxın Lənkəran şəhərinə yolumuz düşdükdə addımbaşı bizimlə rastlaşan insanlar atamı qucaqlayıb öpür, böyük hörmətlə, ehtiramla dil-ağız edirdilər. Onların kim olduğunu soruşanda atam da fəxrlə, qürurla, böyük məhəbbətlə birinin həkim, birinin müəllim, mühəndis və s. olduğunu deyir, sevinclə “şagirdim olub ” deyə qeyd edirdi. Mən o zamanlar fikirləşirdim ki, ilahi, bu müəllim necə böyük, xoşbəxt insandır, hamı onu sevir, ona hörmət edir. Və mən o zamandan müəllim olmağı qərara almışdım. Orta məktəbi əla qiymətlərlə, Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib sevimli müəllimlik peşəsinə qovuşdum. Nə yaxşı ki, bu müqəddəs peşəni seçmişəm. Müəllim işlədiyim 24 il ərzində-hər dəfə sinfə girib şagirdlərimin mənə zillənən məsum baxışlarını gördükdə bu peşənin şərəfini, məsuliyyətini daha çox dərk etmişəm.
Müəllimlik müqəddəs bir peşədir.Lakin müəllim unutmamalıdır kı, yetişdirdiyi hər bir şagird qiymətli bir xəzinədir, gələcəkdə xalqımıza xeyir verəcək layiqli bir vətəndaşdır. Müəllimlik çətin peşədir. Amma bir şagirdin qazandığı uğur çəkilən bütün əziyyətləri bir anda silir, yerini xoş bir məmnunluq, sevinc hissi tutur.
Dahi Nəsrəddin Tusi demişdir: “İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır”. Bu sənət elə müəllimlik sənəti, müəllimlik peşəsidir. Mən də qarşıdan gələn yeni tədris ili münasibətilə bütün təhsil işçilərini təbrik edir,uğurlar arzulayıram.Müəllimlərin üzündən, çəkdikləri zəhmətin bəhrəsindən doğan təbəssüm,xoşbəxtlik əskik olmasın.
Müəllif:Nüşabə Əmirova,Lerik rayonu, Ə.Musayev adına Vizəzəmin kənd tam orta məktəbin riyaziyyat-informatika müəllimi

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.