Aydın bir həqiqət var: “Təhsil dəyəri azalmayan bir yatırımdır”.
Bu məqalədə yeni kimya fənn kurikulumunun müəllimin qarşısına qoyduğu vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsinin ən mühüm istiqamətlərindən, planlaşmanın vacibliyindən və əhəmiyyətindən bəhs edilir. Bir nümunə əsasında görüləcək işlər izah edilir.
Məşhur pedaqoqların fikrincə, məktəbin vəzifəsi yalnız bir “qabı” biliklə doldurmaq və uşağı ikinci dərəcəli məlumatlarla yükləmək yox, onda hər bir insanın malik olduğu qabiliyyət və bacarıqları, istedad nişanələrini oyatmaq və inkişaf etdirməkdən ibarətdir. Deməli, məktəbin vəzifəsi bilik verməklə yanaşı, insanı öz şəxsi keyfiyyətlərinə görə reallaşdırmaq, ona elə bir baza, elə təməl verməkdir ki, o bu bazadan ömrü boyu istifadə etsin və bu bacarıqlar müstəqil həyat yollarında addımladıqca qarşısına çıxan baryerləri aşmaqda ona yardımçı olsun. Bir kimya müəllimi kimi mən bu məsələlərin kimya fənninin tədrisində nəzərə alınmasının vacibliyinə diqqəti yönəltmək istəyirəm, çünki kimya həyatdır, çünki kimya gəzdiyimiz torpaq, aldığımız hava, içdiyimiz sudur. Ətrafa baxsaq, çevrəmizə nəzər salsaq, hər yerdə kimya görərik. Bu mənada kimya fənninin ən mühüm xüsusiyyətlərindən biri də, məhz həyati bacarıqlara malik şəxsiyyət formalaşdırmaqdır. Həqiqət budur ki, bu şəxs məhz kimyaçı olmaq üçün yetişmir, o, əldə etdiyi baza biliklərindən, təməl bacarıqlarından cəmiyyətin xeyrinə, planetin xeyrinə, hətta ən böyük fəlakətlərin axarını dəyişdirib bəşəriyyətin xilası üçün istifadə etməyə yetişdirilir. Lazım gələrsə, bu yeni cəmiyyətin yeni insanı çevik və sərbəst olaraq ən qlobal prosesləri doğru məcrasına yönəldə bilir. Bu qloballaşan dünyanın tələbidir. Bu tələblər də öz növbəsində, birbaşa müəllimin vəzifələrini müəyyən edir.
Son illərin təcrübəsi və müşahidələr göstərir ki, müəllim əməyinə tələblərin sürətlə dəyişməsi müəllimin fəaliyyətini çox vektorlu bir istiqamətə yönəldib. Müasir ictimaiyyətlə ünsiyyətdə olmaq müəllimdən çeviklik, yaradıcılıq və səriştəlilik tələb edir. Müasir müəllim, dövlətin təhsil siyasətini sinif otaqlarına gətirib idarə edən bir menecer olaraq böyük məsuliyyət daşıyır. Təbii ki, müasir təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə əlaqədar on günlük təlim kurslarından keçən müəllimlər müəyyən bacarıqlar əldə edirlər. Lakin bu peşəkarlıq üçün kifayət deyildir və qısa bir zamanı əhatə edən 45 dəqiqəlik dərs müəllimin yaradıcılıq qabiliyyətindən asılı olaraq özünəməxsusluğu ilə biri-birindən fərqlənməlidir. Fərqli və maraqlı dərslərin qurulması təlimin keyfiyyətini yüksəldən amil olaraq da diqqətdə qalmalıdır.
Müəllimin ən dəyərli xüsusiyyətlərindən biri, onda cari (qısa) və perspektiv (uzunmüddətli) planlama bacarığının olmasıdır. Müəllimlər planlaşma apararkən onlara verilən imkanlardan da faydalana bilərlər. Mözulara ayrılan saatlarda dəyişiklik, mözularda yerdəyişmə, inteqrasiya imkanlarını genişləndirə, dərsliklə müəllim vəsaitini düzgün uzlaşdıra və s. əməliyyatları yerinə yetirə bilərlər.
Əsasən, müəllimlər müəllim vəsaitlərinin onların ehtiyaclarını ödəmədiyindən gileylənirlər. Müəllim üçün vəsaitdə dərsin planı hazır şəkildə verilirsə, deməli, o, nümunəvi xarakter daşıyır və bu, sadəcə olaraq onun nə edəcəyi haqqında bir istiqamətdir. Bu gün müasir texnologiyalara yiyələnən hər bir müəllimdə öz işinə çevik dəyişiklər edib sərbəst planlaşma aparmaq bacarığı olmalıdır. Belə müəllimlər səriştəliliyi, peşəkarlığı ilə seçilirlər.
Kimya fənn kurikulumu VII siniflərdə 2014/2015-ci tədris ilindən ilk dəfə olaraq tətbiq olunur. Müşahidələr, müəllimlərlə aparılan müzakirələr göstərir ki,gündəlik dərs planlaşmasında müəllimlərin rastlaşdığı əsas problem standart seçimi və həmin standartlardan məqsədlərin çıxarılmasıdır. Müəllimlər ən çox belə suallarla müraciət edirlər: Neçə standart seçim?, Neçə məqsəd çıxarım?, Qiymətləndirməni necə aparım?… Məqsədləri müəyyənləşdirərkən standartın bilik və fəaliyyət hissələrinə, taksonomiyalara diqqət yetirməlidir.Məqsədlər standartları, təlim nəticələrini reallaşdırmağa xidmət edir. Məsələn, bir standartdan iki və daha artıq məqsəd çıxarılırsa, deməli, onların bir 45 dəqiqə ərzində necə reallaşdırılacağına, bu məqsədlərə necə çatılacağına da diqqət vermək lazımdır. Əgər bir neçə standart götürülüb və hərəsinə 2 məqsəd çıxarılıbsa, deməli, onların reallaşdırılması vaxt və qiymətləndirmə səviyyələri üzrə təsvirin (səviyyə deskriptorlarının) qurulması baxımından çətin olacaqdır.
Dərs mümkün qədər sadə və şagirdin tez qavraya biləcəyi səviyyədə qurulmalıdır. Belə ki, əgər bir neçə standart götürülübsə, bu standartlardan ümumi şəkildə bir məqsədin çıxarılması məqsədə uyğundur. “Kimyəvi reaksiyaların təsnifatı” mövzusunda bir gündəlik dərs nümunəsini təqdim edirik.
Seçilmiş məzmun standartlarına, əsasən, müəyyənləşdirilmiş “Kimyəvi reaksiya tipləri” mövzusunu tədris edərkən şagirdlər parçalanma, birləşmə, əvəzetmə, dəyişmə reaksiyalarına dair bilik və bacarıq əldə edirlər. Fəal təlimə əsaslanan dərsin birinci mərhələsi motivasiya – problemin qoyuluşu adlanır. Bu zaman şagirdlərdə idraki fəallıq yaratmaq əsasdır. Bu dərs nümunəsində həm təlim məqsədinə uyğunluğu, həm də şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan tarixi ilə fənlərarası inteqrasiya yaradıb. Türkmənçay sülh müqaviləsi ilə bağlı filmdən bir kadr nümayiş etdirməklə motivasiya yaradıla bilər. Belə ki, həmin kadrı izləyərkən, şagirdlər Azərbaycan torpaqlarının Araz çayı vasitəsilə iki yerə parçalanmasını filmdən izləyirlər.
Parçalanma ifadəsi ilə kimyəvi reaksiyalar arasındakı əlaqəliliyə dair yönəldici suallar verirəm. Ehtimal olunan fərziyyələr qeyd edildikdən sonra tədqiqat sualı müəyyən olunur. Bu zaman ən problemli məsələlərdən biri, tədqiqat sualının müəyyənləşdirilməsidir. Tədqiqat sualı elə müəyyən edilməlidir ki, o, həm məqsədlə əlaqəli olmalı, həm də şagirdləri tədqiqata, problemi araşdırmağa sövq etməlidir. Tədqiqat sualının sayı da bəzən mübahisə yaradır. Təklif olunur ki, tədqiqat sualının sayı bir və ya iki olsun. Eyni zamanda düşündürücü, ziddiyyətli, həm də açıq olsun. Bu mövzu üçün tədqiqat sualı belə müəyyənləşdirilmişdir.
Tədqiqatın aparılması: Şagirdlərin, onlara təqdim olunacaq materiallara uyğun olaraq, müəllimin izahatına ehtiyacı olduğunu hesab etmək olardı. Bu zaman mühazirə üsulu məqsədə uyğundur. Sonra mövzunun daha asan mənimsənilməsi üçün qruplara dərslikdən müəyyən blokları və ya əvvəlcədən hazırlanmış uyğun materialları, iş vərəqlərini təqdim etmək lazımdır. İş vərəqlərinin tərtibatının cəlbedici, tapşırıqların konkret olması əsas şərtlərdəndir. Tapşırıqlar məqsədin həyata keçirilməsinə xidmət etməlidir. Verilən nümunədə iş vərəqlərinin hər birində mövzuya uyğun olaraq, link yerləşdirilə bilər. İKT imkanı olan siniflərdə şagirdlər videoları izləyə, müşahidələrini qeyd edə bilərlər. Bu zaman Blinqvil- qoşadilli təlim metodundan istifadə olunur. Belə ki, şagirdlərin təcrübələrini digər dillərdə (türk, ingilis, rus və s.) müşahidə etdirməklə, kimyaya aid xarici dil bacarığını, qismən də olsa, inkişaf etdirmiş, kimyəvi terminləri digər dillərdə mənimsətmiş oluruq. Əgər sinifdə videonu izləmək şəraiti yoxdursa, A variantlı iş vərəqləri ilə dərsi təşkil etmək olar. Variativ iş vərəqlərinə (A) görə şagirdlərə təhlükəsizlik texnikası qaydaları və işin gedişi bir daha xatırlanaraq, uyğun təcrübələrin aparılması da şagirdlər üçün maraqlı olardı.
Hər qrupun işi iş vərəqində aydın, konkret olaraq göstərilmişdir. (Cavab slaydları hər cavablandırmadan sonra açılır).
Qruplarda tədqiqat başa çatdıqdan sonra dərs məlumat mübadiləsi mərhələsi ilə davam edilir. Bütün iş vərəqləri lövhədən asılır və hər qrupdan bir nümayəndə öz işlərini təqdim edir. Məlumat mübadiləsində şagirdlər dinlənilir, müzakirə mərhələsində isə diskussiya təşkil edilir. Bu mərhələdə öyrənənlər dinləmə, sual vermə, konstruktiv olaraq hislərini idarəetmə bacarıqları da əldə edirlər.
Şagirdlərin tədqiqat nəticələrinə, əsasən, nəticə və ümumiləşməni klaster üsulundan istifadə etməklə də aparmaq olar.
Yaradıcı tətbiqetmə mərhələsi müstəqil öyrənmə bacarıqlarını formalaşdırmaq məqsədilə aparılır. Vaxt çatmazsa, bu mərhələnin tapşırıqlarını ev tapşırığı kimi də vermək olar. Bu mərhələdə krassvord, kimyəvi imla və s. istifadə etmək məqsədə uyğundur.
və ya,
Qiymətləndirmə və refleksiya dərsin istənilən mərhələsində həyata keçirilə bilər. Qrup işini qiymətləndirmək üçün holistik formativ qiymətləndirmə cədvəllərindən istifadə edilir. Vaxta qənaət məqsədilə bu cədvəli əvvəlcədən hazırlamaq daha səmərəlidir.
Ancaq bu qiymətləndirməni şagirdin gündəliyinə yazmaq məqsədə uyğun olmazdı. Bunun üçün hazırda holistik qiymətləndirmənin rubriklər vasitəsilə aparılması məsləhət görülür. Bu səviyyələr şagirdin gündəliyində qeyd olunur. Əvvəlcə qiymətləndirmə rubriklərini quran zaman meyarlar məqsədə görə müəyyən edilir. Bu zaman şagirdləri stimullaşdırmaq məqsədilə işlərini belə də dəyərləndirmək olar.
Rumiyyə İbrahimova,
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun “Ümumi təhsilin və
məktəbdən kənar təhsilin kurikulumu”şöbəsinin böyük elmi işçisi
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!