Günümüzdə, dərsin məzmununun əsasən dərs kitablarından alındığı, şagirdlərin təəccüb dolu baxışlarla dərs izləyən vəziyyətdə olduğu, biliklərin soruşulmadığı ya da qarşılıqlı düşüncə mübadiləsinə çox da izin verilmədiyi bir dərs mövqeyindən uzaqlaşmağın vacib olduğu artıq danılmaz bir həqiqətdir. Şagirdlər, onlara bizlər tərəfindən verilən bilikləri, passiv olaraq almaq və mütləq doğru olduğunu qəbul etmək yerinə, fəal iştirak edərək əldə etdikləri bilikləri seçməyi, qarşılaşdırmağı və qiymətləndirməyi bacarmalıdırlar. Bir dərs prosesi necə olmalıdır? Dərs prosesini həyata keçirərkən, müxtəlif məzmun xətlərindən qazanılan biliklərin bir araya gətirilməsi tədris üçün maraqlı şərait yaradacaq. Bununla yanaşı, digər fənlərlə olan əlaqələr də unudulmamalıdır.
Hər bir müəllimə bəllidir ki, şagirdlərin öncədən yiyələndikləri biliklər yeni öyrənəcəyi biliklərinə işıq tutar. Elə ona görə də ön biliklərin müəyyən olunması, əgər varsa, problemlərin aradan qaldırılması vacibdir. Bundan sonra artıq şagirdin öyrənməyə olan istəyini,marağını təmin etmək lazımdır. Bunun üçün isə qısa müddətli fəaliyyət, açıq suallar, rəsimlər və b. hazırlıq çalışmaları həyata keçirilə bilər. Əyləndrici fəaliyyətlər (lətifə, mahnı, tapmaca, düşündürücü suallar), cavabı həmin an verilə bilməyən suallar, şagirdlərin marağına səbəb olacaq əşyaların sinfə gətirilməsi bu prosesi daha da sürətləndirəcəkdir.
Dərsdə nə öyrənəcəyi, öyrəndiklərindən harada istifadə edə biləcəyini bilmək şagirdin öyrənməyə olan istəyini artıracaq. Şagirdlərə dərsdə fəal iştirakını təmin edən,üzərində araşdırma apara biləcəyi çalışmalar həll etdirilməlidir. Bu zaman şagirdlərin və müəllimin dərsdəki mövqeyi çox önəmlidir. Belə ki, şagirdlərin (fərdi və ya qrup şəklində) müəllimin köməyi olmadan həll edə biləcəyi çalışmaların seçilməsi vacibdir.
Müəllim isə fəaliyyət zamanı şagirdlərə yaxşı bir yol göstərən olmalıdır.
Şagirdlərə hansı məqsədə çatmalı olduqları barədə məlumat verilməməli, əksinə bu nəticəni onların özünün əldə etməsi üçün köməkçi suallar verilməli və istiqamətləndirilməlidirlər. Biliklərin mümkün olduğu qədər şagirdlər tərəfindən kəşf edilməsinə şərait yaradılmalıdır. Belə ki, biliklərin daha yaxşı öyrənilməsi üçün təkrar fəaliyyət, daha dərindən öyrənilməsi üçün bilikləri zənginləşdirən fəaliyyətlər təmin olunmalıdır.
Fərdi olaraq, qrup olaraq, siniflə və ya digər siniflərlə birlikdə həll olunan çalışmaları paylaşmaq məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirilə bilər. Bu fəaliyyətlərin bəzilərində valideynlər də iştirak edə bilərlər. Məsələn, bilik şənlikləri keçirilə bilər.
Müxtəlif peşə sahibləri sinfə dəvət olunaraq öz peşələri haqqında və işlərində riyaziyyatdan necə istifadə etdikləri haqqında şagirdləri məlumatlandıra bilərlər.
Riyaziyyatla bağlı qəzetlərin və ya jurnalların çıxarılmasında valideynlər də şagirdlərə kömək edə bilərlər.
Bu cür nümunələri artırmaq da mümkündür. Şagirdlərin həll etdikləri çalışmaları dostları, müəllimləri və ətrafdakılarla paylaşması, uşağın özünə olan inamının artmasında, paylaşma duyğusunun inkişaf etməsində, dərsə və riyaziyyata olan marağın artmasında böyük payı vardır.
Dərs prosesində aşağıdakıların həyata keçirilməsinə şərait yaradılmalıdır:
1) Şagirdlərin məntiqi çıxışlarda iştirakına;
2) Düşüncələrini yazılı və şifahi şəkildə ifadə etmələrinə;
3) Zehni və fiziki olaraq aktif olmaları;
4) Riyaziyyatın həyatdakı əhəmiyyətini hiss etmələrinə;
5) Bacarıqlarından istifadə etmələrinə;
6) Qrup işlərinin həyata keçirilmələrinə və s.
Dərs prosesində müxtəlif tədris metodlarından istifadə olunmalıdır. Bu üsullardan bəziləri aşağıdakılardır:
*İş birliyi ilə öyrənmə
*Taparaq, icad edərək öyrənmə
*Layihə təməlli öyrənmə
*Sual-cavabla öyrənmə
*Həmyaşıdların tədrisi ilə öyrənmə və b.
Bu və ya digər üsulların seçimi zamanı şagirdin fəal iştirak edə biləcəyi və mövzuya uyğun olan üsulun seçilməsi vacibdir. Bu isə daha təsirli və daha məhsuldar tədris şəraiti yaradılmasına səbəb olacaq. Şagirdlərin öyrəndiklərini müxtəlif şəkildə (rəsm, şəkil çəkərək, qrafik yaradaraq və s.) təqdim etmələrinə də imkan verilməlidir. Əlbəttə ki, bu gün təhsilimizin biliklərin tədrisindən çox, onun şagirdlər tərəfindən öyrənərək, kəşf edərək əldə etmələrinə üstünlük verdiyini bilirik. Ancaq bu o demək deyildir ki, müəllimlər şagirdlərə “Get və öyrən” mövqeyindən yanaşmalıdırlar. Bilik və bacarıqların şagirdlərə qazandırılması vacibdir. Burada müəllimin əsas rolu şagirdin özünün öyrənməsi üçün ona kömək etməsidir. Çünki heç kəs başqasınınn yerinə öyrənə bilməz.
Şagirdlərin qruplar şəklində işləməsi onlarda qazanılan biliklərin yadda qalmasını artırar, sosial inkişafına böyük təsir göstərər. Məsələn, özünə güvənmək, bir qrupun üzvü olmaq, başqalarının bacarıq və qabiliyyətlərinə laqeyd qalmamaq, risk etmək kimi bacarıqların inkişafı üçün şərait yaradar. Çünki, özünə inamı az olan şagirdlər, nə qədər qabiliyyətli olsalar da, müvəffəqiyyət əldə etmələri çox çətindir. Bu zaman onlar “Onsuz da heç nə edə bilməyəcəyəm” deyə düşünərək öyrənmək üçün can atmazlar.
Buna görə də şagirdlərdə riyaziyyat dərsinə yönəldilmiş nikbin hisslər aşılanmalıdır.
Tədris zamanı müəllimin vəzifəsi muxtəlif istiqamətli fəaliyyətlərdə yaxşı nəticə verən iş ortamı yaratmaqdır. Düzgün qurulan bir dərsdə şagirdlər onlardan nə istənildiyini və bunu necə əldə edəcəklərini yaxşı bilirlər.
Müasir dərsin şagirdləri:
*Fəal iştirakçı;
*Danışan;
*Mübahisə edən;
*Sual verən;
*Dindirən;
*Öyrənməyə məsuliyyət daşıyan;
*Öz məsələlərini quran və onu həll edən;
*Düşünən;
*Başadüşən;
*Birlikdə çalışa bilən;
*Qiymətləndirən olmalıdır.
Müasir dərsin müəllimləri isə:
*Dindirən;
*Sual verən;
*Düşündürən;
*Mübahisə etdirən və dinləyən;
*Fəaliyyəti inkişaf etdirən və tətbiq edən;
*Öyrənmə şəraitini asanlaşdıran;
*Qiymətləndirən;
*Özünü inkişaf etdirən olmalıdır.
Fəxriyyə Cəfərova,
132 – 134 nömrəli Təhsil kompleksinin riyaziyyat müəllimi
Mənbə: www.tehsilproblemleri.com
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!