İnsan fəaliyyətinin hər bir sahəsinə daxil olan informasiya texnologiyaları müasir dərs prosesində də özünə geniş yer ayırıb. Danılmaz faktdır ki, müasir dövrdə dərsi kompütersiz təsəvvür etmək qeyri-mümkündür. Cavabı almaq üçün hazır alqoritmlərdən istifadə etmək şagirdin yaradıcılıq, sərbəst düşünmək, nitq və müşahidə etmək, axtarışlar aparmaq kimi keyfiyyətlərini azaldır, bəzən isə "0"-a endirir. Məlumdur ki, müasir dərsin öyrədici, inkişafetdirici, tətbiqedici funksiyaları şəxsiyyətin inkişafına xidmət edir və burada müəllimin rolunun əvəzsiz olduğu görünür. Fəal təlimdə məntiqi təfəkkür, özünüinkişaf, özünütəhsil kimi amillərin də olmasını nəzərə alsaq, onda əsl müəllimin üzərinə necə böyük bir yük düşdüyü aydın olar.
İnkişafedici təlim müəllimdən şagirdin biliyi alması üçün istəlinən situasiyalardan istifadə etməsini tələb edir. Əyanilik prinsipi bütün vaxtlarda təlim prosesində əsas rol oynamışdır. Orta və yaşlı nəsil müəllimlərinin yaxşı yadındadır ki, 1960-1980-cı illərdə dərslər kodoskopla, model, maket, müxtəlif cədvəl, qrafik və sxemlər olan plakatlarla keçilirdi. Kimya və fizika dərslərində aparılan təcrübələr dərsin effektini çox artırırdı.
Artıq son onilliklərin təcrübəsi göstərir ki, yuxarıda adları çəkilən resursları özündə birləşdirən və onlardan da qat-qat effektli olan vasitə İKT-dir. Bu gün müasir informasiya texnologiyaları dərs prosesinə təkcə avadanlıqlar kimi yox, həm də yeni yanaşma metodu kimi daxil olub.
Fundamental elm olan riyaziyyatı öyrədərkən vacibdir ki, şagirdlər əzbərçilikdən uzaq olaraq tədqiq olunan obyektin mənasını tam dərindən başa düşsünlər. Riyaziyyat müəlliminin vəzifəsi səviyyəsindən asılı olmayaraq hər bir şagirdı öz predmeti ilə maraqlandırmaq, müxtəlif tipli məsələləri sərbəst həll etdirməkdir. Belə olan halda müəllimin qarşısına bir sual çıxır: dərsi necə qurmaq lazımdır ku, bu prosesdə bütün şagirdlərin, hətta zəif oxuyanların da inkişafı görünsün, onların diqqəti, idraki bacarığı, nitqi inkişaf etsin.
Artıq neçə illərdir ki, dərs dediyimiz məktəblərdə kompüter kabineti, internet var. Demək olar ki, bütün mövzular üzrə dərs prosesində kompüterdən istifadə edilir. Riyaziyyatda elə mövzular var ki, onları simvollarla izah etmək mümkün deyil (Məs.: funksiyaların qrafikinin, gözlə görünməyən kəsiklərin qurulması, sistem tənliklərin qrafik həlli və s.). İKT-dən istifadə edən müəllimlər çox yaxşı bilirlər ki, belə məsələlər kompüterdə necə gözəl həllini tapır.
Əvvəllər dərs prosesində öyrədici dərs proqramlarından geniş istifadə edirdik. "Nauka", "Prosveşeniya", "Russobit-M", "Uçitel" nəşriyyatlarının buraxdığı riyaziyyat və informatikadan olan öyrədici disklər əsas dərs resurslarımız idi. Təhsil Nazirliyinin buraxılış sinifləri üçün tərtib etdiyi test tapşırıqları, TQDK-nın elektron testləri də çox köməyimizə gəlir. Bununla belə, internet nəhəng resurs kimi daha geniş imkanlara malikdir. Buna görə də indi dərs zamanı internetdən götürülmüş hazır, ya da özümün hazırladığım təqdimatlardan daha geniş istifadə edirəm. Bu zaman şagirdlərlə işləyərkən verilən informasiylar daha maraqlı və əyani, həm də yaddaqalan olur.
Fikrimcə, dərslərdə təqdimatlardan istifadə təlimə yeni yanaşma metodu kimi qiymətləndirilə bilər. Məhz bunu nəzərə alıb aşağıda riyaziyyat və informatika dərslərində kompüterdə yaratdığımız təqdimatlardan istifadə təcrübəmi oxucularla bölüşmək istərdim.
I nümunə. Fəal təlim metodları ilə işləyən V və VI siniflərdə keçilən hər bir dərsi kompüterdə hazırlanmış təqdimatlarsız təsəvvür etmək olmaz. Riyaziyyatdan şifahi hesablamaya, yoxlama ya da sərbəst yazı işlərinə aid tapşırıqları həll, informatikadan informasiya, kompüter, tətbiqi proqramlar, alqoritmlər kimi mövzuları izah edərkən təqdimatların rolu əvəzsizdir. Həm də nəzərə alaq ki, ibtidai sinifdən təzəcə ayrılmış şagirdlərlə işləyərkən vaxta qənaətdə kompüter nə qədər köməklik edir. Şagirdləri yaxşı cavab verdiklərinə görə, növbəti dərsə həvəsləndirmək, əhvali-ruhiyyələrini yüksəltmək üçün təqdimatın sonunda, bəzən də slaydın içində "Bir az pozitiv!","Bir dəqiqəlik idman!", "Bu bizik!" adlı slaydlar yaradıram ki, bu da onların çox xoşuna gəlir. Animasiyalı slaydlar bir - birini əvəz etdikcə şagirdlər onlara diqqətlə baxır və kömək olmadan özləri nəinki çalışmaları başa düşür, həm də alqoritm, proqram və tənliyi qururlar. İnkişafetdirici dərs bundan gözəl ola bilərmi? Müəllimə təzə dərsi izah etmək çox asan və rahat başa gəlir (halbuki həmin təqdimatı hazırlamaq üçün saatlarla yox, bəzən günlərlə vaxt gedir). Sonradan isə bu təqdimatların üzərində bir neçə dəyişiklik edib digər mövzularla yanaşı, bəzən bütöv bölmənin də təkrarında istifadə etmək olur.
II nümunə. Riyaziyyat və informatika elmləri bir-biri ilə sıx bağlı olduğundan onlar arasında inteqrasiya yaratmaq çox rahatdır. VII və VIII siniflərdə "Sistem tənliklərin qrafik həlli" mövzusunu izah edərkən yazı taxtasında təbaşirlə (təbaşir rəngli olsa belə) izahat nə qədər vaxt aparır. POWER POINT proqramında hazırlanmış animasiyalı təqdimatın slaydlarında isə bu izahat çox effektli alınır. Hər dəfə "siçanın" düyməsini sıxanda animasiyalar bir-birini əvəz etdikcə, şagirdlər ekranda gördükləri suallara cavab verdikcə, elə bil ki, kompüter ən zəif oxuyan şagirdi belə özünə cəlb edir. Düz cavabı tapmaq üçün onlar da fəallaşırlar. İnformatika dərslərində belə təqdimatların yaradılması üsulları şagirdlərə öyrədilir.
III nümunə. İlk baxışda riyaziyyatdan VII və VIII siniflər üçün hazırlanmış təqdimatdan qarışıq görünən bir slayd. Halbuki avtomatik rejimdə bu slayd belə işləyir: dairənin daxilindən ümumi məxrəci tapan şagird "siçanı" cavabın üstünə sıxır. Cavab düz olduğu halda Cırtdan "düz", əks halda "səhv" deyə qışqırır. İkinci halda tamamlayıcı vuruq tapılmalıdır. Dairənin daxilindən düz seçilməyən cavab "uçub gedir", düz cavab isə yerini tutur. Və sonda bütün cavablar düz olursa, "alqışlar" səsi eşidilir.
IV nümunə. Həndəsə dərsliyində IX sinifdə belə bir mövzu var: "Düz xəttə nəzərən simmetriya" (Yuxarıdan aşağı 3-cü şəkil). Sözlə, təbaşir ilə izah edilə biləsi çətin olan bu mövzu POWER POINT proqramında çox gözəl alınır. Təsəvvür edin ki, şəkildə görünən birinci fiqur yavaş hərəkətlə ikinci fiqura çevrilir. Növbəti fiqurda hərəkətin əyaniliyini də yalnız kompüter gözəl verə bilər.
Müəllim tərəfindən əvvəlcədən POWER POINT proqramında hazırlanmış təqdimat az vaxtda çox iş görməyə, şagirdlərin mövzuya marağının artmasına, sualların cavablarının tez tapılmasına, şagirdin öz biliyini yoxlamasına və s. çox kömək edir. Adətən, belə təqdimatlarda qaydalar açılır, teorem isbat olunur, məsələlər yerinə yetirilir.
Yaratdığım təqdimatlardan çoxlu sayda nümunələr göstərə bilərəm. Lakin bu o demək deyil ki, bütün dərs prosesində şagirdlərlə yalnız kompüterdə işləyirik. Dərsliyin, yazı taxtası, təbaşir, markerin və s. də öz yeri var və müəllim yeri gəldikcə bunlardan da istifadə etməlidir.
Şəfəq FAZİLOVA,
Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi
Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi
Mənbə:www.muallim.edu.az
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!