2.12.2015

 12/02/2015 09:30:00 ÖÖ      ,    Şərh yoxdur
Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün  sahələr, eləcə də təhsil qarşısında mühüm vəzifələr qoyulmuşdur. Təhsil sisteminin dəyişilməsi və yeniləşməsi  məsələsi irəli sürülmüş, təhsilin ABŞ, Avropanın qabaqcıl ölkələrinin təhsil məkanına inteqrasiyası ön plana çəkilmişdir. Ulu öndər Heydər Əliyev demişdir: "İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın".
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil sisteminin dövlət təhsil standartlarına cavab verən inkişaf istiqamətləri və  müasir tələblərə uyğun hədəfləri müəyyənləşdirilmiş, təhsil işçiləri qarşısında yeni məsul vəzifələr qoyulmuşdur. Ölkəmizin təhsil sistemi dünyanın ən qabaqcıl ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirilir, məzmun və struktur dəyişiklikləri aparılır, təhsilin bütün pillələri üzrə kurikulumların hazırlanması məsələlərinə baxılır.

Riyaziyyat elminin təlimi metodları müasir riyaziyyat nəzəriyyələrinin yaranmasına səbəb olmuşdur. Riyaziyyat elminin müxtəlif nəzəriyyələrə diferensiasiyası və birləşməsi elə həddə çatmışdır ki, vahid riyaziyyat elmi haqqında danışmaq çətinliyi  meydana çıxmışdır, lakin buna baxmayaraq onun vahidliyi həmişə qorunub saxlanılmışdır.
Riyaziyyatın tədrisi metodikası bu elmin təlimi prosesinin tədqiqatı ilə məşğul olur. Yeni təlim texnologiyalarının tətbiqi ilə riyaziyyatın təlimi, müəllimlər tərəfindən həyata keçirilən çətin bir prosesə çevrilmişdir. Müəllim müxtəlif vəsaitlərdən aldığı informasiyanı yeni təlim texnologiyalarından istifadə edərək şagirdlərə çatdırır. Şagird isə dərslik, dərs vəsaiti, kompüter və s. mənbələrdən aldığı informasiyanı müəllimə çatdırır. Deməli, təlim prosesində müəllim-şagird informasiyasının bir-birinə ötürülməsi iki istiqamətdə baş verir: müəllimdən şagirdə və şagirddən müəllimə.
Təhsilin bütün pillələrində yeni informasiya texnologiyalarının tətbiqi ilə müasir tələblərə uyğun təlimin nəticələrinin yaxşılaşdırılması probleminin həlli üçün müəllim şagirdin bilik səviyyəsinə görə yeni təlim metodlarından istifadə etməlidir. Riyaziyyatın tədrisi metodikasının əsas vəzifələrindən biri də riyazi təfəkkürün inkişafı üçün xarakterik olan, yeniliklərə yol açan idrak fəaliyyətinin formalaşdırılması və inkişaf etdirilməsidir. Deməli, riyaziyyatın təlimi dedikdə riyazi fəaliyyətin öyrənilməsi başa düşülür. Təlimin nəticələrinin yaxşılaşdırılmasında kim, nəyi və necə öyrədir kimi mühüm problem özünü əks etdirməlidir.
Riyaziyyatın tədrisi metodikasının predmetinin müəyyənləşdirilməsi üçün təlim prosesinin aşağıdakı elementlərinə diqqət yerirmək lazımdır: təlimin mövzusu, məqsədi, obyekti  və metodları. Riyaziyyatın tədrisi metodikasının predmeti qarşısında duran problemlər şərti olaraq nəyi öyrətmək (mövzular) və necə öyrətmək (təlim metodları) kimi iki sinfə bölünür, yəni riyaziyyatın tədrisi metodikası qarşısında duran problemlər şərti  olaraq bu iki sinfə aid edilir. Bu problemlər bir-birilə sıx bağlıdır və bunlardan birinin həlli digərini nəzərə almadan mümkün deyil.
Yeni metodların işlənib  hazırlanması təlimin yeniləşməsini tələb edir, hansı ki, bu yeniləşmə şagirdin idrak səviyyəsinin dəyişilməsinə və təfəkkürünün inkişafına səbəb olur. Qeyd edək ki, 1960-cı ildən sonra orta məktəb riyaziyyat kursunun tədris proqramına ali məktəbin diferensial və inteqral hesabı nəzəriyyəsinin elementləri daxil edildi və bu nəzəriyyənin təlimi ali məktəb riyaziyyatının tədrisi metodikasını yox, xüsusi metodika tələb edirdi. 1960-1980-ci illərdə bu nəzəriyyənin orta məktəb  riyaziyyat kursunda kortəbii təlimi uğursuz nəticələrə gətirib çıxardı.  Yeni pedaqoji yanaşmalar olmadığından bu nəzəriyyənin elementlərinin orta məktəbdə təlimi ənənəvi öyrənmə metodikasının yeniləşməsini tələb edirdi, yəni törəmə və inteqral anlayışlarının təlimindəki nəticələrin yaxşılaşdırılması üçün yeni təlim metodlarının meydana gəlməsi tələb olunurdu. İndiki dövrdə elm və texnikanın sürətli inkişafı nəticəsində müasir ali riyaziyyatın elementləri orta məktəb riyaziyyat kursuna sirayət edib, məktəb riyaziyyat kursu köhnəlib,  son onilliklər ərzində mürəkkəbləşib və müasir riyaziyyatın inkişafından çox geridə qalıb. Buna görə də riyaziyyatın təliminin modernləşdirilməsi (müasirləşdirilməsi) yeni metodikanın işlənib hazırlanmasını qarşıya qoymuşdur.
Məktəb riyaziyyat kursuna daxil olan yeni nəzəriyyələrin təlimi yeni metodlar, yeni metodlar isə yeni nəzəriyyələrin yaranması zərurətini qarşıya qoyur. Qeyd edə bilərik ki, riyaziyyatın tədrisi metodikası, riyaziyyat, pedaqogika, psixologiya, fəlsəfə və məntiq elmlərinin sərhədlərinin zolağında yerləşir, yəni riyaziyyatın tədrisi metodikası bu elm sahələrini birləşdirir və qarşıya çıxan problemlərin həllində onlarla olan əlaqələrə əsaslanır. Beləliklə, qarşıda aşağıdakı kimi sual durur: riyaziyyatın tədrisi metodikasının təlimində yeni metodların yaranması, ondan istifadə və  modelinin qurulması. Aydındır ki, riyaziyyatın təlimində riyaziyyatın tədrisi metodikası qarşıya çıxan problemləri aradan qaldırmaq üçün məhz riyaziyyat elminə əsaslanır.
Riyaziyyatın tədrisi metodikası məktəb riyaziyyat kursunda materialların seçilməsi və siniflərə uyğunlaşdırılması üçün onu didaktik cəhətdən təkmilləşdirir. Yəni materialın öyrənilməsi,  qavranılması, təhlili, konkret situasiya, tapşırıq və çalışmaların seçilib toplanması və s. özünü əks etdirməlidir. Əgər riyaziyyatın tədrisi metodikası riyazi materialın didaktikaya əsaslanaraq yekun nəticəsini əldə edirsə, pedaqogika, psixologiya, fəlsəfə və məntiq isə təlim zamanı əldə olunan nəticənin yaxınlaşdırılmasının hansı formada həll olunduğunu və bu nəticəyə çatmağın yollarını göstərir. Riyaziyyatın tədrisi metodikası riyazi fəaliyyəti təhlil edir, psixologiya və məntiqə söykənərək, şagirdlərin idrak fəaliyyətinin formalaşdırılmasını, onların bütün istiqamətlərdə inkişafını tədqiq edir. Riyaziyyat elmi şagirdin düşünmə qabiliyyətini və təfəkkür inkişafına nail olduğunu ayrılıqda əks etdirə bilmir, məhz bu prosesi riyaziyyatın tədrisi metodikası yerinə yetirir.
Riyaziyyat kursundan tədris materialının seçilməsi ideya, metod və mövzuların dərin təhlilini, onun elmlər arasında yeri və tətbiqinin müəyyənləşdirilməsini tələb edir. Əsas problemlərdən biri də seçilmiş riyazi materialın orta məktəb təliminə uyğunlaşdırılmasında onun didaktikaya əsaslanmasıdır və təlim prosesində ümumi və spesifik metodlardan ayrılıqda deyil, qarşılıqlı əlaqəli şəkildə istifadə olunmasıdır. Yəni riyaziyyatın təlimi metodları pedaqogikanın təlim metodlarını, riyaziyyat elminin təlimi metodlarını və didaktika prinsiplərini həyata keçirərək formalaşır. Eyni zamanda buraya alqoritmik yanaşma, proqramlaşdırılmış təlim və s. kimi təlim texnologiyaları da daxildir. Məntiq düzgün fikir yürütməyin formalarını araşdırır və konkret fikir haqqında yekun nəticə çıxarmaq qaydalarını öyrədir. Riyaziyyatın tədrisi metodikası psixologiyada heç bir yenilik etmir, o yalnız psixoloji araşdırmaların nəticələrindən istifadə edir.
Riyaziyyatın inkişaf tarixi riyazi anlayış, metodlar və onun inkişaf yollarından bəhs edir. Riyaziyyat təliminin və metodiki ideyaların inkişaf tarixi isə məktəb riyaziyyat təliminin mövzu və metodlarının inkişafını və bəşəriyyətin tələblərinin təsiri altında necə dəyişərək inkişaf etdiyini göstərir. Aparılan tədqiqatlar göstərir ki, uzun tarixə malik olan riyazi nəzəriyyələr bəzən müasir elm üzərində də özünü əks etdirir. Məsələn, çox uzun tarixə malik olan limit nəzəriyyəsi elmdə təsdiqindən təxminən 100 il sonra məktəb riyaziyyat kursuna daxil olub. Həm də riyaziyyat kursunun modernləşdirilməsi (müasirləşdirilməsi) tələbi ilə təxminən 100 il əvvəl C.Bul tərəfindən işlənib hazırlanmış riyazi məntiq elementləri məktəb riyaziyyat kursuna sirayət etmişdir. Baxmayaraq ki, riyaziyyat elminin hər bir yeniliyi məktəb riyaziyyat kursuna uzun illərdən sonra nüfuz edib, lakin tarix göstərir ki, məqsəd məktəb təlimini yeniləşdirmək, təkmilləşdirmək və modernləşdirməkdir, yəni onu müasir elmə yaxınlaşdırmaqdır. Anlayış, ideya və metodlar məktəb proqramlarına (kurikulumlarına) dərhal sirayət etmir, bunun üçün müəyyən müddət lazımdır, buna görə də qeyd edə bilərik ki, çox zaman təhsilin elmin inkişafından müəyyən qədər geri qalması normal haldır. Törəmə anlayışı yüz il və ya ondan da əvvəl hər hansı konkret bir metodla öyrənilirdisə, indiki dövrdə köhnə metodlarla öyrənmək məcburiyyətində deyilik, çünki bu materialın öyrənilmə metodunun köhnəldiyi və müasir məktəb təliminə uyğun metod olmadığı aşkar olmuşdur.
Riyaziyyatın müasir tələblərlə öyrənilməsi, ümumiləşdirilməsi, nəzəri və praktik istiqamətlərdə tədrisi onun inkişafını əks etdirən cəhətlərdən biridir. XXI əsrin əvvəllərinə qədər törəmə anlayışının təlimi zamanı törəmənin ancaq fiziki və mexaniki mənası verilirdi. İndiki dövrdə müasir yanaşmalardan istifadə edərək törəmə alma qaydasını iqtisadi məsələlərə tətbiq etdikdə törəmənin iqtisadi mənasını, tibbi məsələlərdə isə törəmənin tibbi mənasını alırıq və s. Hazırda dünya ölkələrində riyaziyyatın təliminin modernləşdirilməsi hərəkatının baş qaldırdığı bir vaxtda,  xarici ölkələrin təcrübəsinin də öyrənilməsi maraq doğurur. Buna görə də riyaziyyat kursunun materiallarını və təlimi metodlarının işlənib hazırlanmasında xarici təcrübənin müsbət cəhətlərini nəzərə almaq, təhlil etmək və öyrənmək lazımdır. Riyaziyyatın tədrisi metodikasında  pedaqoji eksperimentdən geniş istifadə olunur, lakin pedaqoji eksperimentdə dəqiq metodika olmadığına görə materialda didaktik dəyişiklik etmədən həyata keçirilir. Buna görə də bu cür eksperimentlərin əldə edilən nəticəsi əsassız olur və haqlı olaraq tənqidə məruz qalır. Deməli, pedaqoji eksperimentin düzgün təşkili və aparılması gərgin iş tələb edir, qarşıya çıxan çətinliklər və ziddiyyətlər isə eksperimentin dəqiq işlənib hazırlanmış metodikasından və  riyazi statistika metodlarından istifadə etməklə aradan qaldırılır.
Təlim və tərbiyənin ümumi məqsədlərindən, riyaziyyatın bir elm kimi spesifikası və sistemindən, texnika və istehsaldakı rolu və yerindən,  müasir cəmiyyətin həyatdakı vəziyyətindən çıxış edərək, orta məktəbdə riyaziyyat təliminin məqsədlərini aşağıdakı kimi formalaşdırmaq mümkündür: şagirdlərin riyazi təfəkkürünün inkişafı; şagirdlərin təhsillərini ali məktəblərdə davam etdirmələri; praktik fəaliyyətdə orta məktəb riyaziyyat kursundan əldə olunmuş zəruri nəzəri biliklərinin müxtəlif konkret situasiyalarda tətbiqi; bilik, bacarıq və vərdişlərin mənimsənilməsi; şagirdlərin müasir texnika və istehsalatda riyazi metodlardan istifadə edilən sahələrinin elmi əsaslarını bilmələri. Buna görə də riyaziyyat təliminin məqsədlərini müəyyənləşdirdikdə, orta məktəblərdə təlimin məqsədlərini, şəxsiyyətin hərtərəfli inkişafını, təbiət və cəmiyyətin inkişaf qanunlarını bilən və bu əsasda dünyanın simasını şüurlu şəkildə dəyişən yüksək təhsilli insan ön plana çəkilir.
Riyaziyyatın təliminin məqsədlərinə diqqət verdikdə görürük ki, orta məktəb riyaziyyat kursunun praktik fəaliyyəti üçün vacib olan nəzəriyyələri necə fərqləndirmək sualı qarşıda durur. Adətən, şərti olaraq orta məktəbdə elementar riyaziyyat tədris olunur. Bu termin altında XVII əsrədək yaranmış hesab, həndəsə, cəbr və triqonometriya nəzərdə tutulur. Elementar riyaziyyat termini müxtəlif dövrlərdə mövcud olan riyaziyyatı ifadə etməklə yalnız tarixi əhəmiyyət daşıyır. Bu söz "başlanğıc" və "sadələşdirilmiş" kimi mənada işlədilir, belə ki, sadəlik və anlaşıqlıq təkcə dərslikdən deyil, həm də materialın seçilmiş düzgün izahından asılıdır. Bir çox nəzəriyyələr və mövzular heç də tələbələr üçün sadəliyi və anlaşıqlığı baxımından "elementar" deyil, "qeyri-elementar"dır və ya alidir. Yəni, buraya daxil olan riyaziyyat nəzəriyyələri və mövzuları orta məktəb çərçivəsindən kənara çıxır.
Orta məktəb riyaziyyat kursu ilə onun elmi arasındakı münasibəti analiz  etdikdə aydın olur ki, müasir ali riyaziyyatın heç bir anlayış, ideya və metodları orta məktəb proqramında (kurikulumunda) həyata keçirilmirdi. Riyaziyyatın inkişaf prosesindəki hər dövr, riyaziyyat təliminin mövzu və metodlarının yenidən nəzərdən keçirilməsi zərurətini yaradır, eyni zamanda məktəb proqramı yeni mövzunun yox, müasir ideya və metodların daxil edilməsini nəzərdə tutur. Daha doğrusu, həyata keçirilən yeniliklərin ən başlıcası riyaziyyat təhsilinin məzmununun yaxşılaşdırılması və yeni təlim texnologiyalarının tətbiqidir.
Riyaziyyat  kursunun  modernləşdirilməsi nə deməkdir? Riyaziyyat kursunun modernləşdirilməsi hərfi mənada onu müasirləşdirmək, müasir ideya, metod, tələblərə və s. kimi anlayışlara uyğunlaşdırmaq deməkdir. Riyaziyyat kursunun modernləşdirilməsi XX əsrin əvvəllərindən başlanmasına baxmayaraq, o yalnız son 10-15 ildə geniş vüsət almışdır. Yəni, bu cərəyan dünyanın bütün inkişaf etmiş ölkələrində də həyata keçirilir və bu ölkələrin orta  məktəblərində müasir riyaziyyatın aşağıdakı sahələri öyrənilir: çoxluq nəzəriyyəsinin elementləri; riyazi məntiqə giriş; müasir cəbr anlayışları, qruplar, sahələr, vektorlar və s; ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri; diferensial və inteqral hesabın elementləri. Tədris dərs saatlarının çatışmamazlığı səbəbindən göstərilən  hər bir anlayışların orta məktəb proqramına geniş şəkildə salınması mümkün deyil, buna görə də bu nəzəriyyələrin mövzularının daxil edilməsində dəqiq seçim olmalıdır.
 Hazırda ölkəmizin təhsil sistemində diskussiyalardan iş prosesinə keçid, proqram (kurikulum) layihələrinin və müvafiq dərsliklərin hazırlanması öz həllini tapmaqdadır. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda aparılan tədqiqatlar və müzakirələrin əsas predmeti indiki dövrdə riyaziyyatdan nəyi öyrətmək probleminin müəyyənləşdirilməsidir. Aydındır ki, nəyi öyrətmək  problemləri müəyyənləşmədən necə öyrətmək sualına cavab vermək mümkün deyil. Riyaziyyat elminin  məktəb riyaziyyat proqramına müasir ali  riyaziyyatla bağlı bir sıra mövzuların salınmasını onun modernləşdirilməsi hesab etmək tamamilə yanlış fikirdir. Məqsəd yalnız orta məktəbdə  ali riyaziyyatın  elementlərinin təlimindən deyil, həm də riyaziyyatın müasir tələblərə uyğun yeni təlim texnologiyalarının tətbiqi ilə təlimindən gedir. Yəni, orta məktəb riyaziyyat kursunun tərkibindən müəyyən mövzuların çıxarılması və müasir ali riyaziyyat kursundan  nələrinsə daxil olması o demək deyil ki, məktəb proqramında təlimin ənənəvi metodları ancaq mövzuya görə köhnəlib,  o həm də uzun illərdir ki, proqramda olan materiala görə köhnəlib. Deməli, riyaziyyatın ənənəvi ideya və metodlarına əsaslanan materialı müasir riyaziyyatın ideya və metodları əsasında hazırlanır, yəni riyaziyyatın təliminin modernləşdirilməsi üçün ilk anda onun müasir riyaziyyata ideyaca yaxınlaşması öz həllini tapmalıdır.
Belə bir sual meydana çıxır, son 10-15 il ərzində riyaziyyatın təlimində əsaslı islahatların aparılması nəticəsində onilliklər boyu dəyişməz qalan orta məktəb riyaziyyat elmi ilə müasir riyaziyyat elmi arasında uyğunsuzluq yaranırmı? Aydındır ki, elmin inkişafı nə qədər yüksəkdə olsa da, onun başlanğıc elementar nəzəriyyələri dəyişməz olaraq qalır və  elmin inkişafı onun öyrənilməsinə təsir etmir. Buna görə də elmin gələcək inkişafı üçün onun əvvəlki təməlinin atılması mümkün olmayan bir hadisədir. Digər tərəfdən, son dövrlərə qədər aparılan tədqiqatlardan belə çıxırdı ki, 7-10 yaşlı uşaqlar dörd hesab əməlindən başqa heç bir anlayışa malik ola bilməz, yəni elementar riyaziyyatın təliminin ənənəvi qaydaları dəyişilməzdir və modernləşməyə ehtiyac yoxdur. Lakin indiki dövrdə bu ideya riyaziyyat təliminin müasir tələblərə cavab verməsi baxımından çox kasıbdır. Buna görə də son zamanlar aparılan eksperimentlərin istiqamətləri elementar riyaziyyat təliminin modernləşdirilməsi problemini qarşıya qoydu. Yəni, riyaziyyatın mühüm anlayışlarından olan çoxluq, funksiyalar, tənliklər, bərabərsizliklər və s. anlayışlarını 7-10 yaşlı usaqlara müvafiq dillə çatdırmağın mümkün olduğu özünü əks etdirdi.
Müəllimlərlə şagirdlər və  tələbələr arasında təlim-tərbiyə, qarşılıqlı hörmət yüksək səviyyədə qurulduqda onların hərtərəfli müvəffəqiyyəti bir o qədər üstün olar. Yəni, şagird və tələbələrə hörmət və qayğı ilə, tələbkarlıqla yanaşdıqda, onda bu proses birtərəfli yox, qarşılıqlı olur. Buna görə də çalışmaq lazımdır ki, onlarda ancaq müsbət keyfiyyətlər inkişaf etsin, bu isə  məktəb rəhbərlərindən və müəllimlərin onlara qarşı münasibətlərindən çox asılıdır.
Təhsil sahəsində sürətli dəyişiklik və yeniləşmələr müəllim hazırlığının da kökündən yeniləşməsini qarşıya qoyur, bu isə indiki dövrdə  cəmiyyətin inkişafının ən mühüm problemlərindən biridir  və müasir tələblərə görə təhsil sisteminin daim təkmilləşdirilməsinə ehtiyac olduğu özünü əks etdirir. Azərbaycanın gələcəyi ölkəmizin bütün regionlarında yaşayan istedadlı şagirdlərindən, tələbələrindən asılıdır, buna görə də ölkəmizin təhsil sistemində aparılan bütün dəyişikliklər və yeniləşmələr bu ideyada əksini tapmalıdır.
Hazırda müəllimlər qarşısına yeni tələblər qoyulur və onlar öz vəzifələrini yeni müasir tələblər səviyyəsində qurmaq üçün kurikulumda, pedaqogika sahəsində, elektron resurslarının inkişafında və s. baş verən yenilikləri ardıcıl olaraq öyrənməlidirlər. Yeni müəllim pedaqoji təmayüllü təhsil müəssisələrində yetişməlidir və müəllimlik peşəsinin formalaşdırılması təhsilin modernləşdirilməsi tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir".
İstər nəzəriyyə və istərsə də praktik istiqamətlərdə həyata keçirilən inteqrasiyanın reallaşdırılması müəllimlik peşəsinin daim təkmilləşdirilməsini tələb edir. Buna görə də əsas problemlərdən biri də ixtisasartırma və yenidənhazırlanma sistemində tədris fənlərinin  metodologiyasının məzmun və strukturunun formalaşdırılması modelinin qurulmasıdır. Fənlərin təlimində əldə olunan nəticələrin yaxşılaşdırılması problemində mühüm rol oynayan cəhətlərdən biri də kadrların düzgün seçilməsidir.
Bakalavr təhsil pilləsində ilkin müəllim hazırlığında əldə olunan biliyin müasir tələblərə uyğun olması təlimin nəticələrinin yaxşılaşdırılmasından çox asılıdır və bu, gələcək müəllimlik peşəsinin formalaşdırılmasında mühüm amildir. Aparılan müşahidələrə görə məktəblərimizin bir çoxunda hər üç müəllimdən biri fənnin tədrisində minimal hazırlığa və təkmilləşdirmə səviyyəsinə malikdir.
Dərslik və dərs vəsaitləri elmi cəhətdən hazırlıqlı olan, səriştəli və peşəkar müəllim tərəfindən hazırlanmalı və ardıcıl olaraq təkmilləşdirilməlidir. Buna görə də müəllimlər öz biliklərini artırmalı, müasir tələblərə uyğun təkmilləşdirilməlidir. Göstərilən faktların bir çoxu tədris planı və proqramlarının (kurikulumlarının) həyata keçməsində meydana çıxır.
Təhsil sahəsində aparılan islahatların başlıca məqsədlərindən biri də yüksək keyfiyyətli müəllimlik peşəsinin formalaşdırılması istiqamətlərində işlərin aparılmasıdır. Müəllim hazırlığının kurikulumunda dəyişikliklər və yeniliklər olmadan aparılan islahatlarda heç bir uğurlu nəticə əldə etmək mümkün deyil,  buna görə də ölkəmizdə müəllim hazırlığı yüksək səviyyədə həyata keçirilir. Müəllim hazırlığı pedaqoji kollec və məktəblərdə, ali pedaqoji məktəblərdə, internaturada, pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması müəssisələrində, magistraturada, doktoranturada öz həllini tapmaqdadır. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda 2013/14 və 2014/15-ci tədris illərində alimlik dərəcəsi almaq üzrə aparılan qəbul imtahanlarının və müsahibələrin nəticələri indiki dövrdə güclü kadrların yetişmələrinə sübutdur və bu problem ölkəmizdə aparılan konfrans, simpozium, konqreslərdə və s. özünü əks etdirir.
XXI əsrdə həqiqətən yüksək keyfiyyətli müəllimlik peşəsinin necə formalaşdırılması problemləri qarşıda duran mühüm məsələlərdən biridir. Dünya ölkələrinin təhsil sistemində böyük dəyişikliklər, yeniləşmələr gedir və fundamental biliklərin inkişaf problemləri və perspektivləri müzakirə olunur. Göstərilən problemlərin həllində bizim ölkəmizin də iştirak etdiyini qeyd etmək olar.
Təhsil sistemində aparılan islahatlar öz inkişafını davam etdirir və təlim prosesinin mərkəzində dayanan, mühərrik hesab olunan müəllim isə özlüyündə qalır, müəllimin rolu yüksəlir, onda peşəkarlıq keyfiyyətinə olan tələblər artır. Yaxın 10-15 ildə yaşlı müəllimlərin üçdə ikisi pedaqoji fəaliyyətini davam etdirmək qabiliyyətində olmayacaq. Buna görə də müəllim hazırlığının müasir tələblərə görə yeni təlim texnologiyalarından istifadə olunması və müəllimlik peşəsinin formalaşdırılması aktual problem kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin diqqət mərkəzindədir.

Müdafiə MAHMUDOV,

Təhsil Problemləri İnstitutunun müəllim hazırlığının kurikulumu şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor


0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.