O, e.ə. 287-ci ildə Yunanıstanın Sirakuz şəhərində anadan olmuş və demək olar ki, bütün həyatını burada yaşamışdır.
Onun atası Fidi Sirakuz hökmdarı Giyeronun saray astronomu idi. Qədim yunan alimlərinin çoxu kimi, Arximed də, İskəndəriyyədə təhsil almışdı. Misir hökmdarları Ptolemeylər bura Yunanıstanın ən yaxşı alimlərini və mütəfəkkirlərini toplamış, həmçinin dünyanın ən böyük kitabxanasını yaratmışdılar.
Bu böyük alimin nəzəri əsərləri heyrət ediləcək dərəcədə çoxcəhətlidir.
Pifaqorçuların riyazi əsərləri və onların Evklid tərəfindən tamamlanmış işləri, həmçinin müasirlərinin kəşfləri ilə əlaqədar riyazi metodu bizi əhatə edən maddi aləmin, bu aləmdə yerləşən əşyaların az və ya çox yaxınlaşdığı mükəmməl həndəsi formaları dərk etməyə imkan verir. Bu formaların qanunlarını bilməklə, maddi aləmə təsir etmək mümkündür.
Ancaq Arximed həmçinin bilirdi ki, əşyalar təkcə forma və ölçüyə malik deyildirlər: onlar hərəkət edir və ya hərəkət etdirirlər, yaxud müəyyən qüvvələrin təsiri altında sükunətdə qala bilirlər.
Böyük sirakuzlu, bu qüvvələri öyrənərək, elmin yeni sahələrini yaratdı.
Arximed bir dəfə hamamda vannada uzanıb ayağını qaldırarkən görmüşdür ki, ayağı çox asan qalxır. Ağlına gələn fikirdən vəcdə gələn alim «Evrika!», «Tapdım!» - deyə qışqıraraq vannadan çıxmışdır.
Bu rəvayətlər maraqlı olsa da, həqiqətə uyğun deyil. Məşhur «Evrika!» kəlməsi Arximed qanununun kəşf edilməsi ilə əlaqədar deyil, kəşfi sirakuzlu alimə məxsus olan metalların xüsusi çəkisi qanunu tapılarkən deyilib.
Rəvayətə görə, Sirakuz hökmdan Giyeron tac hazırlamaq üçün zərgərə qızıl verir. Zərgərin hazırladığı tacın çəkisi hökmdarın verdiyi qızılın çəkisinə bərabər idi. Lakin Giyeron zərgərin düzgünlüyünə şübhə ilə yanaşaraq, Arximedi yanına çağırır və tacdakı qızılın onun verdiyi qızıla uyğun olduğunu yoxlamağı əmr edir. Bunun üçün Arximed hər birinin çəkisi tacın çəkisinə bərabər olan iki külçə hazırlayır: biri qızıldan, о biri gümüşdən. Sonra onları növbə ilə içərisində su olan qaba salaraq hər dəfə suyun nə qədər qalxdığını qeyd edir. Axırda tacı qabdakı suya salıb suyun qalxma səviyyəsinə görə müəyyən edir ki, onun həcmi qızıl külçəsinin həcmindən artıqdır. Beləliklə, zərgərin qızıldan oğurlayaraq, əvəzinə ucuz metaldan istifadə etdiyi sübut olunur.
Arximed böyük alim olmaqla bərabər, həm də görkəmli mühəndis idi. O, yaşadığı dövrdə məlum olan və «sadə mexanizmlər» adlanan beş mexanizm haqqında nəzəriyyə yaratmışdı. Bu mexanizmlər - manivela (ling), paz, blok, sonsuz vint və bucurqaddır (ağır yük qaldırmaq üçün qurğu).
Arximed yalnız hidravlik vinti təkmilləşdirsə də, sonsuz vintin kəşfi Arximedin adına yazılır. Bundan da misirlilər bataqlıq qurudarkən istifadə etmişdilər.
Sonralar bu mexanizmlərdən dünyanın müxtəlif ölkələrində geniş istifadə edilmişdir. Bu gün Arximed vintindən adi ətdoğrayan maşında da istifadə edilir.
Arximed qala divarında adam boyu kiçik deşiklər açdırıb, orada atıcı qurğuları və oxatanları yerləşdirmişdi. Düşmən əsgərləri yaxınlaşanda onlar ox atırdılar.
Romalı əsgərlər işğal etdikləri yunan şəhərlərində görünməmiş vəhşiliklər edirdilər. Onlar evləri dağıdıb-yandırır, qətllər törədirdilər, soyğunçuluq, qəddarlıq və zorakılıq baş alıb gedirdi. Qoşun başçıları nəinki əsgərlərin bu vəhşiliklərinin qarşısını almır, hətta onları ruhlandırırdılar. Ancaq Marsell dağıdılıb xarabalığa çevrilmiş şəhəri görəndə özünü ağlamaqdan güclə saxladı. Təkcə Marsell özündə mərdlik və cəsarət taparaq döyüşçülərinə qətlləri, qəddarlığı və insanları quia çevirməyi qadağan etdi. Əsgərlər isə onun sözünə baxmırdılar.
Romalılar Sirakuzu alan vaxt Arximed öz evində qum üzərində həndəsi fiqurlar çəkərək, hansısa riyazi məsələnin həlli ilə məşğul idi. O, bütün varlığı ilə mühakimə və düşüncələrinə о dərəcədə qapılmışdı ki, şəhərə girən romalıların hay-küyünü eşitməmiş, hətta şəhərin romalıların əlinə keçdiyindən belə xəbəri olmamışdı. Birdən onun qarşısında romalı əsgər peyda olur və Marsellin yanına getməyi əmr edir. Ancaq Arximed məşğul olduğu riyazi problemi isbat edib qurtarmayınca onunla getməkdən imtina edir. Bundan acıqlanan əsgər qılıncı çəkərək onu öldürür. Bu, e.ə. 212-ci ildə baş verir.
Başqa bir rəvayətə görə, əsgər əlində qılınc Arximedi öldürməyə gəlir. Arximed isə təkidlə xahiş edir ki, üzərində düşündüyü məsələni həll edib qurtarana qədər gözləsin, sonra öldürsün. Lakin əlində qılınc olan qəddar və amansız əsgər elm və alim tanımadığından qılıncı Arximedin başına endirir.
Üçüncü rəvayətə görə Arximed riyazi alətlərini, günəş saatını, səma qlobuslarını və Günəşin ölçülərini hesablamaq üçün istifadə edilən bucaqölçəni yeşiyə yığaraq özü Marsellin yanına gedir. Onu qarşılayan əsgərlər elə bilirlər ki, yeşikdəki qızıldır. Onlar qızdı ələ keçirmək üçün Arximedi öldürürlər. Arximedin ölümü barədə bu cür müxtəlif fikirlərin olmasına baxmayaraq, bütün tarixçilər təsdiq edirlər ki, onun ölümü Marselli bərk kədərləndirmişdi. Həyatda heç bir şey Marselli Arximedin ölümü qədər məyus etməmişdi. O, Arximedin qohumlarını axtarıb tapmış və onlara hər cür köməklik etmişdi. Bunlar Plutarxın yazdıqlarıdır.
Başqa Roma tarixçisi Valeri Maksim Arximedin ölümü haqqında belə yazır: Marselli böyük alimə toxunmamaq əmri vermişdi. Arximed Marselldən xəbərsiz öldürülmüşdü.
«Сто великих ученых» kitabından tərcümə. Moskva, «Veçe», 1999.
Mənbə Qanun jurnal
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!